SON XƏBƏRLƏR

İran XİN Türkiyə və Rusiya arasında əldə edilmiş razılaşmaya münasibət bildirib

2021.10.20, 07:36
İran XİN Türkiyə və Rusiya arasında əldə edilmiş razılaşmaya münasibət bildirib

Gunaz.tv

GünAz TV: İranın Xarici İşlər Nazirliyi Türkiyə ilə Rusiya arasında Suriya ilə bağlı əldə edilmiş razılaşmaya münasibət bildirib.

 

Nazirliyin sözçüsü Abbas Musəvi bildirib ki, rəsmi Tehran “Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunması, eləcə də regionda sülh və əmin-amanlığın yenidən bərqarar olunması üçün atılan bütün addımları alqışlayır”.

 

Sözçü əlavə edib ki, Rusiya Federasiyasının başçısı Vladimir Putinlə Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Suriyanın şimalında hərbi əməliyyatların dayandırılması istiqamətində əldə edilmiş memorandumun regionda əmin-amanlığın yenidən bərqərar olunması üçün müsbət addım kimi dəyərləndirirlər.

 

Abbas Musəvi həmçinin qeyd edib ki, İran bu memorandumla Türkiyənin təhlükəsizlik sahəsində olan narahatlığının aradan qalxacağına, digər tərəfdən, Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunacağına ümid edir.

 

“İran İslam Respublikası hər zaman ixtilafların aradan qaldırılması üçün dinc yolla müzakirələrin keçirilməsinin tərəfdarı olub, buna görə də, həmişə münaqişə tərəflərini razılaşma əldə etmək üçün müzakirə masasına oturmağa çağırıb. Tehran bu istiqamətdə Adana razılaşmasını Türkiyə və Suriyanın narahatlığının aradan qaldırılması üçün münasib olduğunu düşünür”,- deyə Abbas Musəvi əlavə edib.

 

Sözçü həmçinin ölkəsinin Türkiyə ilə Suriya arasında danışıqlar aparılması və razılaşma əldə edilməsi üçün kömək etməyə hazır olduğunu bəyan edib.

 

Abbas Musəvi sonda Amerika Birləşmiş Ştatları da daxil olmaqla, xarici ölkələrin hərbi qüvvələrinin Suriyanın şimalında möqelənməsini “bölgənin sülh və təhlükəsizliyini pozan amil” kimi dəyərləndirib.

 

Qeyd etmək lazımdır ki, İran Türkiyənin Suriyanın şimalında kürd terror qruplaşmalarına qarşı başlatdığı “Sülh Çeşməsi” əməliyyatına qarşı çıxan başlıca ölkələrdəndir. Bu istiqamətdə ölkə rəsmilərinin dəstəyilə İranın müxtəlif bölgələrində Türkiyə əleyhinə etirazlar keçirilib. Eləcə də, prezident Həsən Ruhani əməliyyatların başlayacağıyla bağlı xəbərlər yayıldıqdan sonra rəsmi Ankaranı bundan çəkinməyə və əməliyyatları dayandırmağa çağırmışdı. İran Milli Məclisinin spikeri Əli Laricani isə İstanbula edəcəyi rəsmi səfəri təxirə salmışdı.

 

Digər tərəfdən, Abbas Musəvi bu günkü çıxışı zamanı Türkiyənin terrorçulara qarşı hərbi əməliyyatlar keçirdiyini dilə gətirməyib, bunu Suriyanın şimalında keçirilən hərbi əməliyyatlar adlandırmaqla kifayətlənib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar