SON XƏBƏRLƏR

İrana səfər edən Taliban terror təşkilatının nümayəndələri Cavad Zəriflə görüşüblər

2021.10.20, 07:36
İrana səfər edən Taliban terror təşkilatının nümayəndələri Cavad Zəriflə görüşüblər

Gunaz.tv

GünAz TV: İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Taliban terror təşkilatının nümayəndələrinin Tehrana səfər etdiyini və onlarla görüşdüyünü təsdiqləyib.

 

O, mediada Taliban üzvlərinin İrana səfərə gəlmələri barədə yayılan xəbərləri təsdiqləyib.

 

“Əfqanıstanda sülhün bərqərar olması üçün bütün əfqan qruplarla görüşürük və son səfər də bu istiqamətdə baş tutub”, - deyə Zərif əlavə edib.

 

Xatırladaq ki, ötən gün Taliban terror təşkilatının siyasi qolunun sözçüsü Zəbihullah Mücahid Twitter səhifəsində təşkilatın nümayəndələrinin Tehrana səfər etdikləri və Məhəmməd Cavad Zərif, eləcə də İranın digər yüksək vəzifəli şəxsləri ilə görüşdükləri barədə məlumat yaymışdı.

 

“Molla Bəradər Axundun Tehrana səfəri iki ölkə arasında dostluq münasibətlərinin qurulması, İranda yaşayan əfqan mühacirlərin problemlərinin həlli və gələcəkdə müsbət əlaqələrin qurulması istiqamətində həyata keçirilib”, - deyə Zəbihullah Mücahidin Twitter yazısında vurğulanır.

 

Qeyd etmək lazımdır ki, terror təşkilatının nümayəndələri Əfqanıstan hökumətini təmsil etmirlər və Zəbihullah Mücahidin iki ölkə sözünü işlətməsi Talibanla İran arasındakı münasibətləri nəzərdə tutur.

 

Digər tərəfdən, İran beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı kimi tanınan və onlarla günahsız insanı törətdiyi terror aktları ilə qətlə yetirən Talibanla yaxşı əlaqələrə malikdir. Əfqanıstan və Amerika Birləşmiş Ştatları tərəfindən müxtəlif dövrlərdə nümayiş etdirilmiş maddi sübutlar rəsmi Tehranın terror təşkilatına maddi və hərbi yardım göstərdiyini təsdiqləyir.

 

Cari ilin yanvar ayının əvvəllərində Məhəmməd Cavad Zərifin daha da irəli gedərək, “Əfqanıstanın gələcəyi Talibansız mümkün deyil” fikirini səsləndirməsi rəsmi Kabilin sərt reaksiyasına səbəb olmuşdu. Əfqanıstanın Xarici İşlər Nazirliyi onun bu çıxışına verdiyi cavabda Zərifi və İran Xarici İşlər Nazirliyini Taliban terror qruplaşmasının mətbuat xidməti adlandırmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar