GünAzTV: İran nazirlər kabineti Tehrandakı ticarət mərkəzində baş vermiş yanğın hadisəsində 25 yanğınsöndürənin ölümü münasibətilə 1 günlük matəm elan edilib.
Hökumətin verdiyi qərara əsasən yanvarın 21-i, şənbə, ölkədə ümumxalq matəm günü elan edilib. Həmin gün məktəblərin tətil edilib-edilməyəcəyi dəqiq açıqlanmayıb.
Yanvarın 19-da Tehranda 17 mərtəbəli məşhur “Plasko” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ən azı 25 yanğınsöndürən həlak olub, 80 nəfərdən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ticarət mərkəzinin yuxarı mərtəbələrindən başlayan yanğın, 4 saat davam edib. Yanğını söndürmək üçün onlarla yanğınsöndürən binaya daxil olsa da, az sonra gözlənilmədən bina tamamilə çöküb və ən azı 25 yanğınsöndürən uçan binanın qalıqları altında qalıb. Uçqunlar altında qalan yanğınsöndürənlərin cənazələrinin tapılıb çıxarılması üçün əməliyyatlar davam edir.
Qeyd edək ki, İranda ilk modern hündür bina sayılan “Plasko” ticarət mərkəzini məşhur yəhudi tacir və biznesmen Həbibullah Elqaniyan 60-cı illərin əvvəllərində (1341-ci ildə) tikib. O, 1979-cu ildə ruhanilərin hakimiyyətə gəlməsindən sonra yaxalanıb və İsrailə casusluqda günahlandırılaraq edam edilib. Sonra isə onun bütün var-dövləti, o cümlədən də “Plasko” ticarət mərkəzi müsadirə edilib.
A.M