SON XƏBƏRLƏR

İranda 200 min nəfərə nağd subsidiyanın verilməsi dayandırılıb: növbədə digər 600 min nəfərdir

2021.10.20, 07:36
İranda 200 min nəfərə nağd subsidiyanın verilməsi dayandırılıb: növbədə digər 600 min nəfərdir

Gunaz.tv

GünAz TV: Sentyabrın 17-dən etibarən İranda azı 200 min nəfərə verilən subsidiya kəsilib.

 

Yerli media orqanlarının İranın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən yaydıqları məlumatlara əsasən, gəlirləri yüksək olan şəxslərin siyahısı nazirlik tərəfindən Subsidiya Təşkilatına təqdim edilib və bundan sonra onlara edilən yardıma xitam verilib.

 

Subsidiyaların səmərələşdirilməsiylə bağlı qanun layihəsinin icrasından ötən 9 il ərzində İran hökuməti ilk dəfə cari ilin büdcə layihəsində statistikalarda gəlirləri yüksək göstərilən 3 kateqoriya vətəndaşa verilən güzəştləri ləğv etməklə bağlı üzərinə öhdəlik götürmüşdü.

 

Bir müddət öncə əmək və əhalinin sosial müdafiəsi naziri Məhəmməd Şəriətmədari bildirmişdi ki, dövlət rəhbərlik etdiyi quruma Daxili İşlər və Rabitə və Yüksək İnformasiyalar Nazirlikləri, eləcə də Büdcə Təşkilatı ilə birlikdə sentyabr ayının sonlarına qədər gəlirləri yüksək olan vətəndaşların statistikasını hazırlayıb təqdim etməyi tapşırıb.

 

İran Milli Məclisinin deputatı və Subsidiya Təşkilatına Nəzarət Heyətinin sədri Cabbar Kuçekinejad isə bu xüsusda bildirib ki, ölkədə təqribən 78 milyon nəfər dövlətdən subsidiya alır. Lakin onlardan xaricdə yaşayan və ya gəlirləri yüksək hesab edilən 20 milyon nəfərə yaxın insana verilən subsidiya dayandırılmalıdır.

 

Bu gün dövlətin sözçüsü Əli Rəbii bildirib ki, “varlıların subsidiyalarının dayandırılması” prosesi başlayıb. Onun sözlərinə görə, bəzi subsidiya alan şəxslərin illik gəlirləri “milyarddan çoxdur”. Rəbii həmçinin nağd pul şəklində verilən bu yardımın dayandırılmasının gələcək aylarda ümümilikdə 700 mindən çox insana şamil ediləcəyini vurğulayıb.

 

İranlı rəsmilər dəfələrlə “varlıların subsidiyalarının kəsiləcəyini” bəyan etsələr də, bu kateqoriyanın gəlirləri hansı miqdarda olan insanları əhatə etdiyini bildirməyiblər. Buna görə də, mütəxəssislər konkret olaraq hansı məbləğdə aylıq və illik gəlirləri olan vətəndaşların subsiyadan məhrum olacağıyla bağlı fikir yürütməkdə çətinlik çəkirlər.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar