Tehran Cəza Məhkəməsində araq içdiyinə görə mühakimə olunan 73 yaşlı kişinin edama məhkum olunması tələb olunub.
Gunaz.tv
İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, hakim Məhəmmədrza Məhəmmədi Kəşkulinin sədrliyi ilə keçirilən məhkəmə iclasına qatılan prokuror nümayəndəsi 4-cü dəfə alkoqollu içkilər qəbul etdiyinə görə müttəhimə ölüm cəzasının verilməsini tələb edib.
Bildirilir ki, təqaüdə çıxmış pilot olan, soyadı mediaya açıqlanmayan Ehsan adlı müttəhim bundan əvvəl araq içdiyinə görə üç dəfə həbs edilib və hər dəfə ona şallaq zərbələri vurulduqdan sonra pul cəriməsi qarşılığında azadlığa buraxılıb.
Yayılan məlumata əsasən, yaşlı müttəhim 4-cü dəfə içkili vəziyyətdə avtomobil sürərkən saxlanılıb. Lakin məhkəmə qarşısına çıxarılan müttəhim axırıncı dəfə araq içdiyini boynuna almayıb və polis əməkdaşlarının onun içkili olub-olmamasınl müəyyənləşdirmək üçün ondan zorla alkotester vasitəsilə alkoqol sərxoşluğu ilə bağlı test nümunələri götürdüdklərini bildirib.
Müttəhimin vəkili Məhəmməd Şəms isə məhkəmənin bu işində çoxlu nöqsanlar olduğunu, müvəkkilinin dördüncü dəfə avtomobil sürərkən sərxoş vəziyyətdə olmadığını vurğulayaraq, ona bəraət qazandırılmasını tələb edib.
Məhkəmənin müttəhimə qarşı çıxaracağı hökmün sonradan elan ediləcəyi bildirilir.
Qeyd edək ki, İrandakı İslam Cəza Qanununun 179-ci maddəsinə əsasən, araq içən hər bir şəxs birinci, ikinci və üçüncü dəfə şallaq zərbələrinə və nağd pul cəriməsinə, dördüncü dəfə təkrar olunduqda isə edama məhkum olunmalıdır.
Xatırladaq ki, 2020-ci ilin iyul ayında İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərinin zindanında saxlanılan, araq içməkdə, alkoqollu içkilər saxlamaqda və sürücülük vəsiqəsi olmadan sərxoş halda avtomobil sürməkdə günahlandırılan məhkum edam edilib.

Bu barədə adı açıqlanmayan məhkumun vəkili Hüseyn Həbibi Şəhri İrandakı hüquq müdafiəçilərinə və mediaya açıqlamasında məlumat yaymışdı.
Vəkil demişdi ki, onun müvəkkili 2020-ci il iyulun 8-də Məşhədin mərkəzi zindanında dara çəkilib: “Müvəkkilim 6-cı dəfə araq içdiyinə görə üç il əvvəl həbs olunmuş, Məşhəd məhkəməsinin hökmü ilə edama məhkum edilmişdi. O, araq içməklə yanaşı həm də evində alkoqollu içkilər saxlamaqda və sürücülük vəsiqəsi olmadan amtomobil idarə etməkdə təqsirləndirilmişdi” -deyə, vəkil bildirmişdi.
A.M