SON XƏBƏRLƏR

İranda 500-dən çox tələbə fəalı Ruhaniyə məktub yazaraq ölkədə geniş repressiyaların aparılması barədə xəbərdarlıq edib

2021.10.20, 07:36
İranda 500-dən çox tələbə fəalı Ruhaniyə məktub yazaraq ölkədə geniş repressiyaların aparılması barədə xəbərdarlıq edib

Gunaz.tv

GünAzTV: İranda qəzet, jurnal və internet saytlarında fəaliyyət göstərən 500-dən çox tələbə fəalı prezident Həsən Ruhaniyə birgə məktub yazaraq, ölkədə tələbə fəallarına, müstəqil sivil qurumlara, fəhlələrə, müəllimlərə və dərvişlərə qarşı geniş repressiyaların aparılmasına etiraz bildiriblər.

 

Məktubda Ruhaninin prezident vəzifəsinə seçilməsindən əvvəl ölkədə və universitetlərdə azadlıqların təmin olunacağı ilə bağlı verdiyi vədlərin heç biri nəinki yerinə yetirilməyib, əksinə bir-biri ilə paralel şəkildə fəaliyyət göstərən təhlükəsizlik qurumlarının ali təhsil ocaqlarına nəzarəti gücləndirilib: “Bu gün artıq hərbçilərin çəkməsinin səsi nəinki universitetlərdə, ölkənin hər bir yerində eşidilir. “Sepah”ın ETTELAAT bölməsinin apardığı həbslər, Məhkəmə Sisteminin sivil fəalları məsuliyyətə cəlb etməsi, dinc fəallara müxtəlif bəhanələrlə iş açılması ilə bağlı yayılan xəbərlər o qədər çoxdur ki, artıq hər bir sadə sivil fəaliyyətin aparılması qorxuya gətirib çıxarır.

 

Vəziyyət belə acınacaqlı olduğu bir halda, sizin hökumət, ölkədə baş verən bu kimi xoşagəlməz hallara biganə qalır, susaraq passiv mövqe sərgiləyir. Maraqlıdır ki, vaxtilə universitetlərin polis sistemi ilə idarə olunmasına yox deyən və bununla bağlı şüarlar səsləndirən sizin hökumət, bu gün bütün cəmiyyətin polis sistemi ilə idarə olunmasına səbəb olub. Təəssüflər olsun ki, bu gün sizin hüquq-mühafizə qüvvələriniz, ETTELAAT Nazirliyiniz və Daxili İşlər Nazirliyiniz, digər təhlükəsizlik qururumlarla paralel şəkildə bir-biri ilə rəqabətə girərək, dinc müxaliflərin ağızlarını bağlayıb nəfəsləri kəsmək üçün bir-birini qabaqlayırlar. Siz isə həmişə olduğu kimi, yalnız təkzib edirsiniz.

 

Sizin ictimai tələblərə cavabdeh olmamağınızın isə, təssüflər olsun ki, cəmiyyətdə zorakılığın geniş yayılmasından, ictimai və sivil qurumların məhv olunmasından başqa bir nəticəsi olmayacaq. Ayıq olun. Sizə xəbərdarlıq edərək bildiririk ki, əgər hökumət və hakimiyyətin millətlə rəftarına yenidən baxılmasa, təəssüflər olsun ki, bunun nəticəsi ölkənin ərazi bütövlüyünün pozulmasından və İranın məhv olunmasından başqa bir şey olmayacaq”.

 

Qeyd edək ki, Həsən Ruhani bir neçə gün əvvəl “Tələbə günü” ərəfəsində Tehranda keçirilən bir tədbirdə çıxış edərək, dünyanın ən azad universitetlərinin məhz İranda olduğunu iddia etmişdi.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar