SON XƏBƏRLƏR

İranda daha 1 azərbaycanlı bəhainin evinə basqın edilib

2021.10.20, 07:36
İranda daha 1 azərbaycanlı bəhainin evinə basqın edilib

Gunaz.tv

GünAzTV: İranda azərbaycanlı bəhai, Şəbnəm İsaxaninin mənzilinə basqın edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, ETTELAAT-ın Təbriz bölməsinin əməkdaşları, noyabrın 19-da azərbaycanlı bəhai Şəbnəm İsaxaninin mənzilinə basqın ediblər. Bildirilir ki, basqın zamanı Şəbnəm İsaxani evdə olmadığı üçün təhlükəsizlik qüvvələri onu tutub özləri ilə apara bilməyiblər.

 

ETTELAAT əməkdaşları evdə yoxlama aparmış, təbrizli bəhaiyə məxsus bir sıra əşyaları götürüblər. Olar Şəbnəmin ailə üzvlərinə bildiriblər ki, o, noyabrın 20-si sübh saatlarında Təbrizin ETTELAAT idarəsinə gedib özünü təslim etməlidir. Azərbaycanlı bəhainin son durumundan, onun həbs edilib-edilməməsi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, son üç gündə Təbrizdə daha 5 azərbaycanlı bəhai təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb.

 

ETTELAAT-ın yerli bölməsinin əməkdaşları təbrizli bəhailər, Fərzad Bahaduri, Şəhriyar Xodapənah və Kambiz Misaqini noyabrın 17-də, Monika Əlizadə (Əqdəsi) və Xeyrullah Bəxşini isə noyabrın 18-də şəxsi mənzillərində tutub naməlum istiqamətə aparıblar. Hər 5 bəhainin evlərində yoxlamalar aparılıb, onlara məxsus bir sıra şəxsi əşyalar və bəhai dininə aid kitablar götürülüb.

 

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz buna görə də, son 40 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb. İrandakı ruhanilərin təhriki ilə “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar