SON XƏBƏRLƏR

İranda “Dəniz Bəsici Qüvvələri” yaradılır

2021.10.20, 07:36
İranda “Dəniz Bəsici Qüvvələri” yaradılır

Gunaz.tv

GünAz TV: İran media orqanlarında “Sepah” terror təşkilatının “Dəniz Bəsici Qüvvələri” adlı yeni qruplaşma yaratdığıyla bağlı xəbərlər yayılıb.

 

“Sepah”ın Dəniz Qüvvələri komandanı Əlirza Təngsiriyə istinadən yayılan məlumatlara əsasən, bu qüvvələr Məkran və körfəz sahillərində yaşayan insanlardan ibarət 51 eskadra şəklində təşkil olunub. Hər eskadrada isə 50 sürətli qayığın olduğu deyilir.

 

Təngsiri 1398-ci ilin (mart 2020) sonuna qədər “Dəniz Bəsici Qüvvələri”nin ixtiyarına 17 minə qədər gəmi və qayıq verəcəklərini iddia edib. O, sahildə yaşayan insanlarda təşkil olunacaq bu qüvvələrdən rəhbərlik etdiyi qurumun gələcəkdə həyata keçirəcəyi əməliyyatlarda istifadə edəcəyini deyib.

 

Komandan həmçinin bu günə qədər tikilmiş 20 dalğaqırandan başqa, daha 50 dalğaqıranın tikilərək, sözügedən qüvvələrin istismarına veriləcəyini bildirib.

 

Onun sözlərinə görə, bu planın reallaşdırılma məqsədlərindən biri də körfəzdə yerləşən adaların məskunlaşdırılmasıdır.

 

Təngsiri sonda ölkəsinin ilin sonuna qədər İran və Ommanla birgə hərbi dəniz təlimləri keçirəcəyini, bu istiqamətdə Qətərə də təklif irəli sürdüyünü bəyan edib.

 

Qeyd etmək lazımdır ki, bu qüvvələrin təşkil edilməsi körfəzdə və beynəlxalq sularda İranın həyata keçirdiyi təxribatçı addımlara görə, gərginliklərin artması ilə eyni zamana təsadüf edir. Görünür İran rejimi mümkün ola biləcək hərbi qarşıdurmada daha çox sivil xalqı irəli vermək üçün onlardan ibarət belə qruplaşma qurmağı qərara alıb.

 

“Bəsic” qüvvələri “Sepah”a bağlı, müxtəlif dövlət idarələri, təhsil müəssisələri və iqtisadi sahədə agentləri olan, eləcə də etirazçılar və müxaliflərin repressiyalara məruz qoyulmasında “müstəsna xidmətlər” göstərən qruplaşmadır. Təşkilatın öhdəliklərindən biri də rejimin qorunması üçün yeni qüvvələr toplamaq, təlim vermək, həmçinin onları təşkilatlandırmaqdır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar