SON XƏBƏRLƏR

İranda deputatlar televiziya vasitəsilə etiraf videolarının yayılmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlayıblar

2021.10.20, 07:36
İranda deputatlar televiziya vasitəsilə etiraf videolarının yayılmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlayıblar

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin Tehrandan seçilmiş deputatı Mahmud Sadiqi saxlanmış şəxslərin etiraf videosunun çəkilməsi və Dövlət Teleradio şirkəti tərəfindən yayılmasının qadağan edilməsilə bağlı layihə hazırlayıb, parlamentin rəhbərliyinə təqdim etdiklərini deyib.

 

Qanun layihəsinə əsasən, sadalanan hallar qadağan edilməklə yanaşı, videonu yayan müttəhimin heysiyyatına vurduğu zərbəni kompensasiya etməli, eləcə də onun barəsində 6 aydan 3 ilə qədər azadlıqdan məhrumetmə hökmü çıxarılmalıdır.

 

Layihənin mətnində həmçinin qeyd edilir ki, etiraf videosunun çəkilməsi hüquq mühafizə orqanlarının və ya məmurların göstərişi ilə baş tutarsa, onlar yuxarıda sadalanan qanuni addımlardan başqa, vəzifədən çıxarılmalı və dövlət qulluğundan 1 ildən 5 ilə qədər uzaqlaşdırılmalıdırlar.

 

Xatırladaq ki, İranın nüvə alimlərinin öldürülməsilə bağlı başladılmış cinayət işi üzrə saxlanılan Maziyar İbrahiminin yayılmış etiraf videosu ətrafında bir neçə aydır ölkə daxilində və xaricində ciddi müzakirələr gedir.

 

2012-ci ildə “ETTELAAT” Nazirliyinin əməkdaşlarının işgəncəsi nəticəsində çəkilmiş videoda Maziyar İbrahimi nüvə alimlərinə qarşı terror aktını törətdiyini və bu istiqamətdə İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini “etiraf edir”.

 

O, 2014-cü ildə azadlığa çıxandan sonra Almaniyaya gedib. İbrahimi xarici media orqanlarından birinin çəkdiyi sənədli filmdə danışaraq, özünə qarşı elan edilmiş ittihamların saxta olduğunu, “etiraf etmək” üçün işgəncələrə məruz qaldığını deyib.

 

Mahmud Sadiqi sonda bu cinayət işi barəsində də danışıb. O qeyd edib ki, nüvə alimlərinin öldürülməsiylə bağlı ümumilikdə 53 günahsız insan həbs edilmişdi. Onların təqsirsizliyi sübuta yetirildikdən sonra “ETTELAAT” Nazirliyi bu şəxslərin nüfuz və mənliyinə vurduğu zərbələrə görə, onlara 4 milyard tümən kompensasiya ödəməli olub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar