SON XƏBƏRLƏR

İranda dərsliklərdən Rusiya ilə bağlı mənfi tarixi məlumatlar çıxarılır

2021.10.20, 07:36
İranda dərsliklərdən Rusiya ilə bağlı mənfi tarixi məlumatlar çıxarılır

Gunaz.tv

GünAz TV: İran dərsliklərindən Rusiya ilə bağlı mənfi məlumatlar çıxarılması barədə məlumatlar yayılıb.

 

Bu barədə “Twitter” səhifəsində yazan təhsil eksperti Adil Bərkəm qeyd edib ki, 11-ci siniflər üçün nəzərdə tutulmuş fars dili 2 kitabından Rusiyanın tarixdə törətdiyi cinayətlər çıxarılıb. O bildirib ki, rejim bu istiqamətdə Rusiya əleyhinə kitabda işlənmiş mənfi fikirlərin çoxunu da dəyişdirib. Ekspert bunu İran dərsliklərində Rusiyanı təmizə çıxarmaqla, uşaqların şüurunda bu ölkə ilə əlaqəli müsbət imic formalaşdırmaq üçün atılan addım adlandırıb.

 

 

İran Araşdırma və Təhsil Proqramlaşdırılması Təşkilatının sədr müavini Həsən Mülki dərsliklərdən Rusiya ilə bağlı “bəzi məlumatlar”ın çıxarılması faktını təsdiqləsə də, bunun səbəbini başqa amillər bağlayıb:

 

“Məlumatların çıxarılması Rusiyanı günahdan arındırmaq məqsədi daşımır. Məlumatlar yalnız kitabın həcmini azaltmaq üçün çıxarılıb”, - deyə Mülki iddia edib.

 

Fars dili 2 kitabında dəyişdirilmiş bəzi cümlələr sosial şəbəkələrdə yayılıb. Belə ki, öncə mövcud olan “ruslar” ifadəsi “rus ordusu”na, “qısa müddət sonra rusların bayrağı günahsız insanları qanına qəltan etdikləri torpaqda dalğalandı” cümləsi “qısa müddət sonra rus ordusu bu bölgəni işğal etdi” formasında dəyişdirilib.

 

Dərslik kitablarının hazırlanması və dəyişdirilməsində mühüm rol oynayan İran Araşdırma və Təhsil Proqramlaşdırılması Təşkilatının son dövrlər dərsliklərin həcminin azaldılması və ya məzmunlarının dəyişdirilməsi ölkədə ciddi qalmaqala səbəb olub. Təşkilatın dərslikləri və tarixi faktları İran rejiminin yürütdüyü siyasətlərə uyğun olaraq tənzimləməyə çalışması İranda ciddi narahatlıqlar və etirazlara səbəb olub. Rusiya ilə bağlı tarixi mənfi həqiqətlərin kitablardan silinməsi fonunda sözügedən təşkilat dərsliklərə Amerika əleyhinə məlumatların salınacağını bəyan edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar