SON XƏBƏRLƏR

İranda dövlət gəlirlərinin azalmasına görə, büdcə daxilolmaları 62 trilyon tümən azalıb

2021.10.20, 07:36
İranda dövlət gəlirlərinin azalmasına görə, büdcə daxilolmaları 62 trilyon tümən azalıb

Gunaz.tv

GünAz TV:  Həsən Ruhani administrasiyasının 2 yüksək vəzifəli şəxsi büdcə daxilolmaları və xərclərinin 62 trilyon dollar həcmində azaldığını deyib.

 

Dövlətin sözçüsü Əli Rəbiinin iyulun 6-sı İran qəzetində çıxan qeydində bildirilir ki, dövlət iki mühüm iqtisadi qərar qəbul edib. Bunlardan biri büdcə xərclərində qənaət edilməsidir. Onun qeydlərinə əsasən, bu il büdcə gəlirləri 448 trilyon tüməndən 386 trilyona düşüb, bu isə öz növbəsində 62 trilyon tümən kəsr deməkdir. Buna görə də, cari ildə büdcə xərcləri kəsrə uyğun olaraq azaldılacaq.

 

O, ikinci qərarın ölkəyə xarici investorların cəlb edilməsi olduğunu deyib. Belə ki, İranın tikinti, istehsal, kənd təsərrüfatı və digər bu kimi sektorlarına 250 min avro dəyərində sərmayə qoyan xarici investorlara 5 illik İranda yaşama icazəsi veriləcək. Əli Rəbiinin sözlərinə görə, dövlət bu addımla xarici sərmayəçiləri İran bazarına cəlb edə biləcəyini düşünür.

 

Əli Rəbii qeydi zamanı bu ilin bahar aylarında ölkənin xaricə idxal etdiyi qeyri-neft məhsullarının həcmində ötən ilin oxşar dövrü ilə müqayisədə 44.6% artım olduğunu iddia edib. Lakin bu, İran Gömrük Komitəsinin göstəriciləri ilə ziddiyyət təşkil edir. Belə ki, iyulun 7-də statistik rəqəmləri Gömrük Komitəsindən əldə edib, yayınlayan İran İqtisadi İnkişaf Təşkilatının rəhbəri Məhəmmədrza Modudi bildirib ki, cari ilin bahar fəslində ölkənin qeyri-neft məhsullarının ixracatının həcmi 11.5 milyard dollar olub, bu isə ötən illə müqayisədə heç bir dəyişikliyin olmadığını göstərir. O, həmçinin sözügedən dövrdə idxal edilən məhsulların ümumi dəyərinin 10.2 milyard dollar olduğunu və bunun da keçən ilin analoji dövrünə nisbətən 8.7% azalma olduğunu göstərdiyini əlavə edib.

 

Əli Rəbii sonda heç bir mənbə göstərmədən, bu il ölkənin mənfi iqtisadi artımdan çıxacağını bildirib. Lakin Beynəlxalq Valyuta Fondu İranın gəlirləri və iqtisadiyyatı əsasında hazırladığı yeni proqnozda bu il İranın iqtisadi inkişaf tempinin mənfi 6% olacağını bəyan edib.

 

“İsna” xəbər agentliyi isə iyulun 7-si İranın Büdcə Planlaşdırılması Təşkilatının sədri Məhəmməd Bağır Nobəxtin dilindən qeyd edilən məbləğdə yatırım edən xarici investorlara ölkədə 5 illik yaşama icazəsi veriləcəyi barədə məlumat dərc edib.

 

İran hökumətinin neft gəlirlərinin kəskin azalması fonunda büdcə gəlirləri və xərclərində dəyişiklik etdiyi nəzərə çarpır. Əgər bu gün hər bir Amerika dollarının dəyərini 12000 tümən hesablasaq, hazırda İranın büdcə daxiolmalarında 4 milyard 769 milyon dollar azalma mövcuddur.

 

İranın 1398-ci il (21 mart 2019- 21 mart 2020-red.) büdcə layihəsində neft gəlirləri 158 trilyon tümən proqnozlaşdırılıb. Eləcə də, cari ildə neft və qaz konsendatı ixracatının günlük həcmi 1.5 milyon bareldən çox nəzərdə tutulub. Hansı ki, son 2 ayda yayılan statistikalar İranın günlük neft ixracatının 300 bareldən aşağı düşdüyündən xəbər verir.  

 

“İsna” agentliyi də ölkə gəlirlərinin azalmasının cari il üçün nəzərdə tutulmuş büdcə ekvalentlərini alt-üst etdiyini etiraf edib. Növbəxt agentliyə verdiyi müsahibədə qeyd edib ki, ölkəni qarşıda çətin və böhrani vəziyyət gözlədiyindən, dövlət gəlirlərə əsasən xərcləri azaldıb, büdcəni tənzimləməyə çalışır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar