SON XƏBƏRLƏR

İranda gənc qızı döyən polislərə diplom və nağd pul hədiyyəsi verilib

2021.10.20, 07:36
İranda gənc qızı döyən polislərə diplom və nağd pul hədiyyəsi verilib

Gunaz.tv

GünAz TV: İran Polis Qüvvələri komandanı Hüseyn Əştərinin göstərişi ilə Tehranın polis rəisi bir müddət əvvəl bir qadını döyən polis əməkdaşlarına xidmətdə fərqləndiklərinə görə diplom və nağd pul hədiyyələri verib.

 

Xatırladaq ki, söhbət təqribən 1 ay öncə Tehranın polis parkında məcburi hicaba görə bir qadını döyən polis əməkdaşlarından gedir. Həmin videoda polis gənc qadını zorla maşına mindirmək istəyir, lakin sonuncu müqavimət göstərir. Kadrlarda görünür ki, bir neçə kişi polis əməkdaşı qadını şillə və yumruqla döyürlər.

 

Bu video sosial şəbəkələrdə sürətli yayılmışdı və insanların qəzəbinə tuş gəlmişdi. Bir neçə gün sonra Tehranın polis rəisi Hüseyn Rəhimi qadını döyən polisləri işdən çıxartdığı və gənc qızın özünün də “ictimai qaydaları pozduğuna” və “polisə tabe olmadığına” görə həbs edildiyini bəyan etmişdi. Lakin həmin günün səhəri Tehran Polis İdarəsinin mətbuat xidməti rəisin polis əməkdaşlarının işlərindən uzaqlaşdırılmalarıyla bağlı qərarının icrasının aparılan təhqiqatlar bitənə qədər dayandırıldığını bildirmişdi.

 

Baxmayaraq ki, həmin günlərdə Milli Məclisin bir neçə deputatı polislərin qadına qarşı şiddətinə görə daxili işlər nazirinə xəbərdarlıq edəcəklərini və həmin polisləri də artıq cəzalandırdıqlarını dilə gətirmişdilər, lakin İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri iyulun 3-də etdiyi çıxışında polisə haqq qazandırmışdı. O, polislərə xəbərdarlıq edərək, onları cəmiyyətin dediyinə və reaksiyasına fikir verməməyə, “dini və ölkə qanunlarını pozanlara qarşı şiddət göstərməkdən belə çəkinməməyə” çağırmışdı. Baş prokuror polis parkında qadını döyən polislərin əməllərinə haqq qazandırmış və onları tərifləmişdi.

 

Aparılan təhqiqatların sonunda isə həmin polislərə cavan bir qızı dostları ilə birlikdə döyməkdə göstərdikləri “rəşadətə” görə, xidmətdə fərqlənmə diplomu və nağd pul hədiyyələri təqdim edilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar