SON XƏBƏRLƏR

İranda həbsdə olan amerikalıların yaxınları: İran rəsmilərinin yaxınlarını deportasiya edin!

2021.10.20, 07:36
İranda həbsdə olan amerikalıların yaxınları: İran rəsmilərinin yaxınlarını deportasiya edin!

Gunaz.tv

GünAz TV: İranda həbsdə olan amerikalıların ailələrinə yaxın mənbələrin “NBC”-yə verdiyi məlumata görə, bu ailələr Amerika hökumətindən iranlı rəsmilərin övladlarının viza tələbini rədd etməyi və onların vizasını ləğv etməyi tələb ediblər. Lakin Ağ Ev hələ ki, bu istiqamətdə heç bir addım atmayıb.

 

Azı 4 Amerika vətəndaşı və bir Amerikada məskunlaşmış şəxs İranda məxfi formada “casusluq” ittihamı ilə həbsdə yatır. İnsan hüquqları təşkilatları bu həbsləri qeyri-qanuni və əsassız adlandırırlar. Onların sözlərinə görə, İran rejimi bu şəxslərdən Qərb, xüsusən də ABŞ ilə siyasi sövdələşmələr etmək üçün girov kimi istifadə edir. Bu İran rejiminin rəsmilərinin hər zaman həyata keçirdiyi siyasətdir.

 

Həbsdə olan insanların ailələri dövlətə Amerikada yaşayan iranlı rəsmilərin, xüsusilə də prezident Həsən Ruhaninin uşaqlarının və yaxınlarının adları olan siyahı təqdim edərək, onların ölkədən çıxarılmasını istəyiblər.

 

Siyahıda adı olanlardan biri İranın mövcud rejiminin qurulmasından sonra Amerikanın Tehrandakı səfirliyinə hücum edən və diplomatları girov götürülməsində iştirak edən İran prezidentinin ailə, qadın və uşaq problemləri üzrə müavini Məsumə Ebtekarın oğlunun da adı var. O, hazırda Los Ancelesdə təhsil alır.

 

ABŞ Dövlət Departamentinin adlarının açıqlanmasını istəməyən iki əməkdaşı isə NBC-yə bildirib ki, Amerika hazırda öz vətəndaşlarının azad edilməsi üçün lazım olan bütün addımları atır və bu məsələ həll edilməyənə qədər İrana qarşı təzyiqlər davam edəcək. 

 

ABŞ Senatında və Konqresində bəzi nümayəndələr İran rəsmilərinin övladları və yaxınlarının ölkədən deportasiya edilməsini dəstəkləyirlər. Onların arasında Texasdan olan senator Ted Kruz və ABŞ Konqresinin Xarici İşlər Komitəsinin gəcrəhbəri təyin edilməsi gözlənilən demokrat Eliot Engel də var.

 

2018-ci ilin aprel ayında ABŞ Konqresi “İran İslam Respublikasında insan hüquqları və girov götürmələr” adlı qanun layihəsi qəbul edib. Bu qanuna əsasən, ABŞ və digər xarici ölkə vətəndaşlarının İranda həbs edilməsində rolu olan iranlı rəsmilərə qarşı sanksiyalar tətbiq edilib. Bu qanunda həmçinin o rəsmilərin ailə üzvləri və yaxın qohumlarına qarşı da sanksiyaların qəbul edilməsi təklifini ehtiva edir.

 

NBC-nin xəbərindən sonra “Təqato” xəbər agentliyi bir çox iranlı rəsminin hazırda Amerikanın müxtəlif bölgələrində yaşayan qohumlarının adlarını və onlar haqqında məlumatları paylaşıb. Agentlikdə dərc edilmiş adlardan bəziləri belədir:

 

  • Hüseyn Firudinin oğlu və Həsən Ruhaninin qardaşı oğlu Əli Firudin: Hazırda Nyu-York şəhərində yaşayır.
  • İranın keçmiş İqtisadiyyat naziri və Ali Məsləhət Şurasının üzvü Davud Daneş Cəfərinin oğlu İrfan Daneş Cəfəri: Hazırda Vaşinqtonda yaşayır və Federal Ehtiyat Sistemində (ABŞ Mərkəzi Bankı-red) işləyir.
  • İran İslam İnqilabının qələbəsindən sonra ABŞ-ın Tehrandakı səfirliyinə hücum təşkil edən və diplomatları girov götürən tələbələrin rəhbərlərindən biri, İranın keçmiş millət vəkili Möhsün Mirdamadinin oğlu Mehdi Mirdamadi: Hazırda ABŞ-ın Nyu-York ştatının Albani şəhərində yaşayır. O, Barak Obamanın prezidentliyi dövründə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən təhsil almaq hüququndan məhrum edilmiş tələbələr üçün nəzərdə tutulan proqram vasitəsi ilə Albani Universitetinə qəbul olub. Amma o, heç vaxt İranda təhsil almaq hüququndan məhrum edilməyib.
  • İranın 5-ci prezidenti Məhəmməd Hatəminin qızı Leyla Hatəmi: Nyu-Yorkda yaşayır.
  • İran Milli Məclisinin deputatı və Bağır Novbəxtin qardaşı Əli Novbəxtin qızı Nilufər Novbəxt Həqiqi: Kaliforniya ştatının Santa Monika şəhərində yaşayır.
  • İran Milli Məclisinin deputatı və Bağır Novbəxtin qardaşı Əli Novbəxtin oğlu Ehsan Növbəxt Həqiqi: Vaşinqtonda yaşayır.
  • Məsumə Ebtekarın oğlu İsa Haşimi və onun həyat yoldaşı Məryəm Təhmasibi: Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayırlar.
  • İran Milli Məclisinin spikeri Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani: Ohayo ştatının Klivlend şəhərində yaşayır və həkimdir.

 

 

 Amerika və Qərbdə yaşayan iranlı məmurların övladlarından bəziləri.

 

 

İran prezidenti Həsən Ruhaninin ailə, qadın və uşaq problemləri üzrə müavini Məsumə Ebtekarın oğlu İsa Haşimi və onun həyat yoldaşı Məryəm Təhmasibi.

 

Qeyd edək ki, bu yaxınlarda Facebook və İnstagram kimi sosial şəbəkələrdə fəal olan ABŞ Dövlət Departamentinə məxsus “USAdarfarsi” səhifəsi öz izləyicilərinə müraciət edərək, Amerika Dövlət Departamentində İran məsələləri ilə bağlı özəl işçi qrupunun rəhbəri Brayan Huka öz suallarını ünvanlamaların istəmişdi. Əksər iranlı istifadəçilər ona ünvanladıqları müraciətdə hazırda Amerikada yaşayan iranlı rəsmilərin övladları və qohumlarının ölkədən deportasiya edilməsini istəmişdilər.

 

ABŞ-da yaşayan İran siyasi elitasının övladları və qohumlarının ölkədən çıxarılması məsələsi prezident Donald Trampın sabiq Prezident Barak Obamanın Tehranla 5+1 ölkələri arasında imzalanmış nüvə sazişindən sonra bir çox iranlı rəsmilərin övladları və yaxınlarına “Green Card” verdiyini deməsindən sonra başlayıb. Bundan sonra əksər amerikalılar, eləcə də İran rejiminin müxalifləri bu şəxslərin Amerikadan deportasiya edilməsini tələb edirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar