SON XƏBƏRLƏR

İranda İnflyasiyanın Artması,Onun Daxili və Xarici Siyasətə Təsiri

2021.10.20, 07:36
İranda İnflyasiyanın Artması,Onun Daxili və Xarici Siyasətə Təsiri

Gunaz.tv
Araz Tədqiqatlar Mərkəzi İranın ümumən ABŞ və Qərb ilə yaşadığı problemlərə son dövrlərdə Türkiyə və Türkmənistan ilə yaşanan təbii qaz problemləri də əlavə olunmuşdur. Ancaq bütün bunların fonunda diqqətdən kənarda qalan başqa bir məsələ də var: İran iqtisadiyyatındakı böhranlı vəziyyət. Mahmud Əhmədinejadın prezident seçilməsindən sonra hökumətin yürütdüyü iqtisadi siyasət fonunda İran iqtisadiyyatının tənəzzülə sürükləndiyi müşahidə olunmaqdadır. Müşahidələr göstərir ki, ölkənin düşdüyü ağır iqtisadi vəziyyətdən çıxılması üçün hökümət tərəfindən konktret tədbirlər görülmür. Belə ki, hazırkı iqtidarın təcrübəsiz və iqtisadi biliyə malik olmayan kadrları sadə xalqın mənafeyini düşünmədən bu istiqamətdə mövcud ideologiyaya əsaslanan qərarların çıxarılması ilə məşğul olurlar. Baxmayaraq ki, hələ prezident seçkiləri ərəfəsində keçirilən təbliğat kampaniyaları zamanı M.Əhəmədinejad ölkədə kasıbçılığın azaldılacağı və iqtisadi tərəqqiyə nail olunacağı ilə bağlı kifayət qədər vədlər vermişdi. Bu kimi vədlərin fonunda prezident seçildiyi ilk ildə M.Əhmədinejad xalqın müəyyən dəstəyini qazanmışdır. Lakin zaman keçdikcə əhali belə vədlərin populist çıxışlardan ibarət olduğunu anlamağa başlamış və bu da öz növbəsində kütlənin etirazlarına səbəb olmuşdur. Sadə xalqla yanaşı bir sıra məmurlar da vaxtaşırı prezidentin uğursuz iqtisadi siyasətini tənqid etməkdədirlər. İqtisadi təhlilçilərin proqnozlarına görə, hökümətin düzgün idarə olunmadığı təqdirdə yüksək qiymət artımının qarşısını almaq mümkün olmayacaqdır ki, bundan da orta və aşağı səviyyədə yaşayan əhali əziyyət çəkəcəkdir. Əvvəlki illərlə müqayisədə İranda mənzillərin qiymətləri ikiqat bahalaşmış, qida məhsullarının qiymətləri isə hər həftə qalxmaqdadır. Daşınmaz əmlakın qiymətinin getdikcə artması fonunda spekulyantlar tərəfindən sözügedən bazarın nəzarətdə saxlanıldığı müşahidə olunur. Binalar və torpaq sahələri əsasən İslam İnqilabının Mühafizəçiləri Korpusunun (İİMK) rəsmiləri, eləcə də ruhanilər tərəfindən isitismar edilməkdədir. İqtisadçılar xəbərdarlıq edirlər ki, hökümətin qeyd olunan problemlə əlaqədar tələsik və düşünülməmiş addımları davam edərsə ölkə böhrana girəcəkdir. Əhmədinejadın hakimiyyəti altında ölkədə inflyasiyanın və işsizliyin səviyyəsi artmış, daxili istehsalın səviyyəsi isə aşağı düşmüşdür. Bununla yanaşı, mütəxəssislər ölkədə yaşayan gənclərin 25 %-nin işsiz olduğunu və prezident tərəfindən məvaciblərin artırılacağı təqdirdə belə tezliklə həllinin mümkün olmayacağını qeyd edirlər. Hökümətinin yürütdüyü siyasət nəticəsində ölkəyə daimi olaraq müxtəlif xidmətlər və texnologiya sahəsində etibarlı ticarət partnyorları cəlb edilə bilinməmişdir. Hökümət ölkənin müvafiq təlabatının ödənilməsi üçün enerji siyasətini lazım səviyyədə qura bilməmişdir. Eyni zamanda, benzinin talonla verilməsi və enerji tariflərinin qalxması İranın bu istiqamətdə yürütdüyü siyasətinin yanlış olduğunu üzə çıxarmışdır. İİR-in iqtisadi problemləri, eləcə də nüvə proqramı ilə bağlı ölkənin aqressiv mövqeyi digər dövlətlərin İranla əməkdaşlıq etməyə həvəssiz yanaşmasına səbəb olmuşdur. Eyni zamanda, ölkə iqtisadiyyatının hələ də anlaşılmaz vəziyyətdə və neqativ ünsürlərlə dolu olması fonunda xarici maliyyə institutlarının getdikcə öz sərmayələrini İrandan çıxarmağa çalışmaları müşahidə olunmaqdadır. Diqqəti cəlb edən başqa bir məqam büdcə vəsaitinin ağır şəraitdə yaşayan əhalinin rifahının yaxşılaşdırılması istiqamətində xərclənməsi əvəzinə bu pulların ölkənin nüfuzlu din xadimləri, eləcə də hökumətə yaxın adamların öz güzaranının daha da yüksədilməsinə sərf edilməsidir. M.Əhmədinejadın prezident seçilməsindən sonra İİR iqtisadiyyatının hazırkı vəziyyətə düşməsində İİMK-nın «böyük rolu» olmuşdur. Belə ki, iqtisadi sferada normal rəqabət yaradılmamış, digər qurumlarla müqayisədə İİMK-nın tabeliyində olan şirkətlərə xüsusi üstünlük verilmişdir (bu tendensiya indi də davam etməkdədir). Bundan əlavə, İİMK-nın rəhbər vəzifəli şəxslərinin adları vaxtaşırı korrupsiya ilə bağlı məsələlərdə hallanmaqdadır. Prezident M.Əhmədinejadın yaxın silahdaşları olan İİMK zabitləri tərəfindən əsas iqtisadi güc mərkəzlərinin qeyri-qanuni mənimsənilməsi də ölkə iqtisadiyyatının tənəzüllə uğramasına ciddi təsir göstərir. Sadalanan faktlar fonunda Mahmud Əhmədinejadın hər çıxışında ölkə iqtisadiyyatının tənəzzülə uğraması ilə bağlı məlumatları təkzib etməsi mütəxəssislər tərəfindən birmənalı qarşılanmır. M.Əhmədinejad uğursuz iqtisadi siyasətə görə məsuliyyəti öz üzərinə götürmək əvəzinə bəzi nazirləri tənqid edərək onları tutduqları vəzifələrindən azad etmişdir. Bu addımla ölkə başçısı mövcud iqtisadi vəziyyətdən narazı olan xalqın inamını qazanmağı düşünmüşdür. Hazırkı vəziyyətdə Neft, İqtisadiyyat nazirləri, habelə Mərkəzi Bankın sədri qurban seçilmişdirsə, gələcəkdə digər nazirləri də eyni aqibətin gözlədiyi istisna edilmir. İran Mərkəzi Bankının rəsmi statistik məlumatlarında 2007-ci ilin sonlarında ölkədə inflyasiyanın səviyyəsinin 16,2%-ə qədər qalxdığı bildirilir. Qeyd etmək lazımdır ki, bu həd son illər ərzində ən yüksək göstərici kimi qiymətləndirilir. İranın dövlət məmurlarının rəsmi açıqlamalarında ölkədə inflyasiyanın göstəricisinin 12-13% olmasına baxmayaraq, ayrı-ayrı tədqiqat mərkəzlərinin, eləcə də iqtisadi ekspertlərin təhlillərində bu rəqəmin 20%-dən artıq olduğu bildirilir. Hətta inflyasiyanın 12% olması belə İraq və Fələstini çıxmaq şərti ilə regionda ən yüksək göstərici olması nəzərəçarpan hal kimi qiymətləndirilir. Ötən illərlə müqayisədə işsizliyin səviyyəsi 12%-dən artıq olmuş, gənclər arasında isə bu göstəricinin 25%-ə qalxması qeydə alınmışdır. Orta hesablamalara görə, hazırda əhalinin aylıq əmək haqqının 50-60%-i kommunal xidmətlərə, qalanı isə minimum ərzaq tələbatlarının ödənilməsinə xərclənir. Qeyd etmək lazımdır ki, yaxın zamanlarda həmin xidmətlərə olan qiymətlərin 20%-ə qədər artacağı gözlənilir. Son rəsmi statistik göstəricilərə əsasən ticarət idxalı, ixracı və istehsalı üzrə Dünya Bankının tərtib etdiyi siyahıda 178 ölkə arasında İran 135-ci yeri tutur. Qeyd etmək lazımdır ki, ötən illə müqayisədə İran daha 16 pillə geriləmişdir. Onu da demək yerinə düşərdi ki, İran 16 Orta Şərq ölkəsi arasında İraq və Fələstin kimi ölkələrlə birlikdə hazırda geriləyərək yalnız 13-cü yeri tutmaqdadır. Son hesablamalar isə hazırda İranın 25-30 % əhalisinin ərzaq qıtlığından əziyyət çəkməkdə olduğunu göstərir. Yuxarıda sadalananlara səbəb olan əsas amillər kimi isə ölkə rəhbərldiyinin bacarıqsız iqtisadi siyasəti, habelə əsas maliyyə vəsaitlərinin perspektivsiz sahələrə yönəldilməsi göstərilir. Qeyd etmək lazımdır ki, ABŞ tərəfindən İranın Millət, Saderat və Milli Bankının beynəlxalq terrorizmi maliyyələşdirən qurumlar olması barədə rəsmi bəyanat səsləndirməsi, son bir neçə ay ərzində Avropanın əsas banklarının İranla bank əməliyyatlarını dayandırması ölkənin bank sistemində böhranın yaranması ilə nəticələnmişdir. Sözügedən vəziyyətin yaranmasına son zamanlar İran banklarının maliyyə əməliyyatlarını avro ilə həyata keçirməsi, habelə bir sıra xarici bankların İran bankları tərəfindən verilmiş akreditivləri qəbul etməkdən çəkinmələri və İİR-ə adi maliyyə göndərişlərinin həyata keçirilməsindən imtina etmələri səbəb olmuşdur. Bu fonda İranın ən böyük iqtisadi partnyorlarından olan Çin və Cənubi Koreyanın İİR-lə iqtisadi əməkdaşlıq sahəsində ehtiyatla davranması, hətta həmin ölkələrin biznes fəaliyyətlərində məhdudiyyətlərin tətbiq edilməsi qeydə alınmışdır. Həmçinin, Çinin bəzi banklarının İran bankları ilə əməkdaşlıqdan yayınmaları müşahidə edilmişdir. Sadalananlarla yanaşı, İran dövlətinin valyuta fondunun toxunulmaz pul ehtiyatı 2007-ci ilin avqust ayından noyabr ayınadək 10 milyard ABŞ dollarından 8 milyarda qədər azalmışdır. Qeyd etmək lazımdır ki, sözügedən dövr ərzində həmin fondun ehtiyatlarından dövlətin ehtiyacları üçün 2 milyard ABŞ dolları xərclənmişdir. Bu isə İran parlamentində qarşılıqlı narazılıqla müşayiət olunmuşdur. Belə ki, parlamentin hesablama palatasının bir neçə üzvü valyuta fondunun balansında olan ABŞ dollarının milli valyutaya çevrilməsini ölkədə mövcud iqtisadi böhranın daha da ağırlaşmasına gətirib çıxaracağını vurğulamışlar. Mövcud vəziyyətdən çıxmaq üçün Qurumun Mənafeyini Müəyyənləşdirən Cəmiyyətin İranda istehsal olunan malların ixrac edilməsi taktikasına üstünlük verilməsi barədə etdiyi təklifin tətbiqi də ölkədə inflyasiyanın qarşısının alınmasına təsir göstərməmişdir. Belə ki, bu fəaliyyət mənfəət əldə etmək istəyən ayrı-ayrı maraqlı qüvvələr tərəfindən həyata keçirilmiş və nəticədə ölkə büdcəsinə əvvəlcədən nəzərdə tutulmuş maliyyə vəsaiti daxil olmamış, həmçinin işsizliyin artması ilə nəticələnmişdir. İnflyasiyanın səviyyəsinin artan xətt üzrə inkişaf etməsi, yerli müəssisələrin işçilərin əmək haqlarını vaxtında ödəyə bilməməsi halları ölkədə ciddi sosial narazılıqların artmasına səbəb olmuşdur. Sadalananlarla yanaşı, cari ilin əvvələrindən başlayaraq guya kəskin hava şəraiti ilə əlaqədar İranın bir sıra vilayətlərində əhalinin qaz, benzin və ümümilikdə enerji təminatı sahəsində vəziyyətinin pisləşməsi onsuz da işsizlikdən və maddi çətinliklərdən əziyyət çəkən əhalinin vəziyyətini daha da faciəvi etmişdir. Bunun səbəbi kimi isə qış mövsümü ilə əlaqədar bəzi regionlarda əhali tərəfindən qazın nəzərdə tutulandan artıq istifadə edilməsi göstərilir. Əslində isə hökumətin qışa hazırlığı yarıtmaz səviyyədədir. Sözügedən problemin qeyri-fars xalqları yaşayan regionlarda özünü daha qabarıq büruzə verməsi də maraqlı fakt kimi qiymətləndirilməlidir. Daxili tələbatın ödənilməsi üçün, İran hökuməti Türkiyəyə qazın nəqlini dayandırmaq məcburiyyətində qalmışdır. İqtisadi ekspertlərin rəyinə əsasən, dövlət tərəfindən əsaslı islahatların həyata keçirilmədiyi təqdirdə cari il ərzində inflyasiyanın səviyyəsinin 25%-ə qədər artması, enerji böhranının daha da dərinləşməsi proqnozlaşdırılır. Eyni zamanda, hökümətin ölkədə sosial partlayışın baş verməməsi üçün dəqiq göstəriciləri əhalidən gizlətmək və ictimai fikri daha çox beynəlxalq siyasi proseslərə yönəltmək taktikasına üstünlük verəcəyi gözlənilir ki, bu da Əhmədinejad komandasının mövcud vəziyyəti düzəldə biləcək qədər peşəkarlığa və səriştəyə malik olmamasına dəlalət edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar