SON XƏBƏRLƏR

İranda internet senzurasının nəzarətçisi olan qrup indi də “qanuni VPN”-ə nazərət edəcək

2021.10.20, 07:36
İranda internet senzurasının nəzarətçisi olan qrup indi də “qanuni VPN”-ə nazərət edəcək

Gunaz.tv

GünAz TV: İranın Texnologiyalar Nazirliyi dövlətin cəmiyyətin bütün kateqoriyaları üçün “filtirsiz internet istifadəsi” istiqamətində layihə hazırladığı barədə məlumat yayıb.

 

Məlumatda qeyd edilir ki, “Cinayət Tərkibi Ehtiva Edən Materialların Aşkarlanması üzrə İşçi Qrupu” sözügedən layihəyə başçılıq və nəzarət edəcək, Nazirliyin bu xüsusda heç bir fəaliyyəti olmayacaq.

 

Qeyd edilən İşçi Qrupunun əsas fəaliyyət sahəsi internetdə senzura və məhdudiyyətlər tətbiq etməkdən ibarətdir. Lakin Rabitə Nazirliyi iddia edir ki, yeni layihənin icrası ilə, əhaliyə senzura tətbiq edilmiş informasiya resurslarından da məlumat əldə etmək üçün “qanuni şərait” yaradılacaq.

 

İran Rabitə nazirinin müavini və Telekommunikasiya İnfrastrukturu Şirkətinin icraçı direktoru Həmid Fəttahi mövzu ilə əlaqəli bildirib ki, sözügedən şirkət “qanuni VPN” layihəsini 2011-ci ildən dövlətə təqdim edibmiş. Ötən illərdə buna müsbət yanaşılmasa da, lakin hazırda layihənin icrasının başladılması üçün hökumətin razılığı ilə “Cinayət Tərkibi Ehtiva Edən Materialların Aşkarlanması üzrə İşçi Qrupu” müvafiq məsələlər üzərində işləyir.

 

Qeyd etmək lazımdır ki, İranda İnstagram istisna olmaqla, Twitter, Youtube, Facebook, Telegram və digər bu kimi populyar sosial şəbəkələr rəsmi olaraq bloklanıb.

 

İranda insanlar həmin şəbəkələrə daxil olmaq üçün VPN proqramlarından istifadə etməyə məcburdurlar.

 

Digər tərəfdən, rəhbəri İranın Baş prokuroru olan “Cinayət Tərkibi Ehtiva Edən Materialların Aşkarlanması üzrə İşçi Qrupu” dövlətin müxtəlif qurumlarından olan 6 nəfərdən ibarətdir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar