SON XƏBƏRLƏR

İranda internetdə hələ də problemlər yaşanır- Mobil internet isə aktiv deyil

2021.10.20, 07:36
İranda internetdə hələ də problemlər yaşanır- Mobil internet isə aktiv deyil

Gunaz.tv

GünAz TV: İran rəsmiləri internetə tətbiq etdikləri məhdudiyyətin tam aradan qaldırıldığını iddia etsələr də, ölkə daxilindən əldə edilən məlumatlar bunun əksini göstərir.

 

Hazırda İran ərazisində internet verilişində ciddi problemlər mövcuddur. Mobil internet isə ölkənin heç bir nöqtəsində aktiv deyil.

 

Məsələ ilə əlaqəli İran Milli Məclisinin 30 deputatı Rabitə naziri Məhəmməd Cavad Azəri Cəhromiyə məktub ünvanlayaraq, “etirazların yatırıldığını”, buna görə də, “daha internetin uzun müddətli kəsilməsinə ehtiyac olmadığını” bildiriblər.

 

Rabitə naziri onlara verdiyi cavabda hələ ki, Ali Milli Təhlükəsizlik Şurasının ölkə ərazisində interneti tam bərpa etməklə bağlı Nazirliyə göstəriş vermədiyini deyib.

 

“Ölkədə ictimai asayişin təminatçısı olan xüsusi xidmət orqanları internetin yenidən tam olaraq aktiv hala gətirilməsində ehtiyat tədbirlərinə riayət olunmasını zəruri hesab edirlər”, - deyə Azəri Cəhromi əlavə edib.

 

Noyabrın 25-də “İlna” agentliyi adını çəkmədiyi Rabitə Nazirliyinin rəsmisinə istinadən o ana qədər yalnız 9 əyalətin internet xəttinin yenidən qoşulmasına icazə verildiyi, mobil internetin isə hələ də 22 əyalətdə bərpa olunmadığı barədə məlumat yaymışdı.

 

O, Cənubi Xorasan, Gülüstan, Simnan, Yəzd, Çahar-Mahal və Bəxtiyari, Həmədan, Ərdəbil və Zəncan əyalətlərində mobil internetin aktivləşdirildiyini iddia etsə də, beynəlxalq qurumlar həmin regionlarda hələ də bu məsələnin həll edilmədiyini bildirirlər.

 

“Net Blocks”-ın məlumatına əsasən, noyabr ayının 26-sı axşam saatlarına qədər İran Mobil Telekommunikasiya Şirkətinin abonentlərindən yalnız 1 faizinin mobil internetə çıxışı olub.

 

“Net Blocks” İrancell abonentlərinin 74 faizinin internetə çıxışının olduğunu bildirsə də, ölkə əhalisi qlobal veb şəbəkəsinə çıxışlarının olmadığını, yalnız daxili internet şəbəkəyə qoşula bildiklərini deyirlər.

 

“Net Blocks” bununla bağlı verdiyi açıqlamada qeyd edir ki, İrancell-in mobil interneti aktivləşdirdiyi müşahidə edilir, lakin İran rejiminin tətbiq etdiyi məhdudiyyət səbəbindən vətəndaşlar yalnız Milli İnformasiya Şəbəkəsinə qoşula bilirlər.

 

Xatırladaq ki, İranın 67 milyon genişzolaqlı internet istifadəçisindən təqribən 63 milyonu mobil internet abonenti hesab edilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar