İranda son sutka ərzində koronavirusdan daha 91 nəfər ölüb, 8 330 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb.
Gunaz.tv
Bu barədə fevralın 23-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 59 663 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 590 min 605 nəfərə çatıb.
Xanım Lari deyib ki, İranda bu günə qədər 1 milyon 358 min 541 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçünün bildirdiyinə görə, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 696 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 10 milyon 559 min 96 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 59 663 nəfərə, yoluxanların sayının isə 1 milyon 590 min 605 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 228 700 nəfəri keçdiyini, 26 milyon 200 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

A.M