SON XƏBƏRLƏR

İranda kütləvi etirazlar ölkəni bürüyür, daha 11 şəhərdə hakimiyyətə qarşı aksiyalar keçirilib

2021.10.20, 07:36
İranda kütləvi etirazlar ölkəni bürüyür, daha 11 şəhərdə hakimiyyətə qarşı aksiyalar keçirilib

Gunaz.tv

 GünAzTV: İki gün əvvəl İranın Məşhəd şəhərində hökumətə qarşı başlanan kütləvi etirazlar genişlənərək digər şəhərlərə də yayılıb və bir neçə şəhərdə dini lider Əli Xamneyiyə qarşı şüarlar səsləndirilərək onun hakimiyyətdən getməsi tələb edilib.

 

Dekabrın 29-da İranın Kirmanşah, Rəşt, Tehran, Quçan, İsfahan, Qum, Əhvaz, Bocnurd, Əhvaz, Sari, Həmədan və Qəzvin şəhərlərində on minlərlə aksiyaçının qatıldığı etirazlarda səsləndirilən şüarlar daha radikal və sərtləşib. Bu dəfə, şüarlar əsasən İranın dini lideri, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricaniyə qarşı yönəlib.

 

Kirmanşah, Qum və Rəşt şəhərlərində etirazçılar, “Seyid Əli! utan xəcalət çək, ölkədən və hakimiyyətdən əl çək”, “Diktatora ölüm”, “Millət acından dilənir, Ağa (Xamneyi) isə Allahlıq edir”, “Siyasi məhbuslara azadlıq”, “Ruhaniyə ölüm”, "Hizbullaha ölüm", “Fələstin və Qəzzə Zolağını burax, bizə gün ağla”, "İstiqlal, azadlıq, İran Respublikası", “Polis! get, oğrunu tut”, “Suriyanı burax, bizim halımıza yan”, “Laricani iraqlıdır, öz ölkəsinə qayıtmalıdır” şüarları səsləndirərək, ölkənin ağır və acınacaqlı iqtisadi durumuna etiraz bildiriblər.

 

Bir neçə şəhərdə, o cümlədən də Kirmanşahda polis və təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma yaranıb və polis aksiyaçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Toqquşma nəticəsində onlarla aksiyaçı döyülərək həbs edilib,  yaralılar isə xəstəxanaya çatdırılıb.

 

Yayılan son məlumatlarda bildirilir ki, Təbrizdə əhalinin etirazlara qatılmasının qarşısını almaq üçün şəhərin əsas küçə və meydanları polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb. Hazırda Təbrizdə, elan olunmamış bir növ fövqəladə vəziyyətin hökm sürdüyü bildirilir.

 

 

Xatırladaq ki, hakimiyyətin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı ilə “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanmışdı.

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar