SON XƏBƏRLƏR

İranda mağazalarda şəkər qıtlığı yaşanır/ qara bazarda isə qiymətlər çox yüksəkdir

2021.10.20, 07:36
İranda mağazalarda şəkər qıtlığı yaşanır/ qara bazarda isə qiymətlər çox yüksəkdir

Gunaz.tv

GünAz TV: Mayın 12-də İran media orqanları ölkə boyu mağazalarda şəkərin olmadığı barədə məlumatlar paylaşıblar.

 

Məlumatlara əsasən, mağazalarda şəkər tapılmadığından, insanlar qara bazarda satılan qaçaq mallara üz tutur. Bu bazarda isə qiymətlər həddindən artıq yüksəkdir.

 

Hətta bir çox mağazaların sahibləri şüşələrə “şəkər yoxdur, lütfən sual soruşmayın!” kimi yazılar yapışdırıblar.

 

İran media orqanları bir müddət əvvəl son günlər ərzində mart ayında şəkərin 1 kiloqramının qiymətinin 3400 tümən olduğu halda, hazırda 10 min tümənə qədər bahalaşdığını bildirirdilər.

 

Mayın 9-da İran İstehsalçı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Təşkilatının Kənd Təsərrüfatı və Qida Məhsullarına Nəzarət şöbəsinin rəhbəri Əlirza Rüstəmi ramazan ayında mövcud problemin həll olunacağı, eləcə də ölkəyə şəkər idxal etməklə, bazarda balans yaradılacağı ilə bağlı söz versə də, onun bu vədi hələ də reallaşmayıb.

 

“İranda aylıq şəkər sərfiyyatı 140 min tondur və ramazan ayında bazarın tənzimlənməsi proqramına uyğun olaraq, ölkənin bütün bölgələrində yerləşən satış nöqtələrinə 1 kiloqramı 3400 tümən təşkil etməklə, 200 min ton şəkər paylanacaq”- deyə Rüstəmi demişdi.

 

Rəsmi statistikalara əsasən, İranda hər il 2 milyon 100 min ton şəkər istifadə edilir.

 

Bu yaxınlarda İran Mərkəzi Statistika Komitəsi ölkədə mart-aprel ayı ərzində ötən ilin analoji dövri ilə müqayisədə şəkər, qənd və şirniyyat məhsullarının qiymətində 64% artımın müşahidə olduğunu elan etmişdi. Ötən ilin qeyd edilən ayları ərzində isə şəkərin qiyməti 2950 tümən idi.

 

Digər tərəfdən, ekspertlər İranın yaydığı rəsmi statistikalara şübhə ilə yanaşırlar. Onların fikrinə görə, əslində ölkədə inflyasiya həddi və bahalaşma bu statistikalardan dəfələrlə çoxdur, sadəcə dövlət daxili narazılıqlara səbəb olmamaq üçün rəqəmləri kifayət qədər aşağı göstərir.

 

Xatırladaq ki, İran ötən il daxili müəssisələrin inkişafı üçün ölkəyə şəkər idxalına qadağa qoyub. Lakin görünür ki, İranın öz fabrikləri ölkə içərisində qeyd edilən məhsula olan təlabatı ödəməkdə çətinlik çəkir.

 

Hazırda İranda yaşanan şəkər qıtlığının səbəblərindən biri də ölkənin təqribən yarısını bu məhsulla təmin edən Xuzistan vilayətində ötən il hökm sürən quraqlıq hesab edilir. Cari ildə isə baş verən sel fəlakəti və dövlətin qabaqlayıcı tədbirlər almaması nəticəsində vilayətdə fermerlərin təsərrüfatı məhv olduğundan, növbəti illərdə də Xuzistanın şəkər istehsalında ciddi geriləmələrin olduğunu demək mümkündür.

 

Eləcə də maliyyə çatışmazlığı, əmək haqlarının ödənməsi və digər bu cür xüsuslarda çətinlik çəkən Xuzistan şəkər qamışı istehsalı zavodları da öz fəaliyyətlərinə davam etməkdə çətinlik çəkirlər. Xüsusən 2018-ci ilin sonlarından etibarən “Həft-Təpə” şəkər qamışı zavodunun əməkdaşları bu cür səbəblərə görə bir neçə ay davamlı olaraq etiraz aksiyaları keçirmişdilər.  

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar