SON XƏBƏRLƏR

İranda polis rəsmisi: “Ölkə əhalisinin 87 faizi islam hakimiyyətinin tərəfdarıdır”

2021.10.20, 07:36
İranda polis rəsmisi: “Ölkə əhalisinin 87 faizi islam hakimiyyətinin tərəfdarıdır”

Gunaz.tv

GünazTV: İran hüquq-mühafizə qüvvələri komandanının müavini Əyyub Süleymani iyunun 30-da jurnalistlərə açıqlamasında rejim tərəfdarlarının sayından və məcburi hicabdan danışıb.

 

O, mənbəyini açıqlamadığı “statistik rəqəmlər”ə istinad edərək deyib ki, islam respublikasının tərəfdarları ölkə əhalisinin əksəriyyəti təşkil edirlər: “Hüquq-mühafizə qüvvələrinin cəmiyyətdə keçirdiyi sorğunun nəticələrinə və mövcud statistik rəqəmlərə görə, ölkə əhalisinin 87 faizi islam hakimiyyətinin tərəfdarıdır. Hicaba gəlincə, sorğu nəticələri göstərir ki, insanların 90 faizi hicaba və örtülü geyinməyə inanırlar. Onlar arasında isə əhalinin 40 faizi şəriət qaydalarına uyğun çarşablı hicaba, 50 faizi isə ənənəvi örtülü geyinməyə (manto, baş örtüyü) inanırlar.

 

İctimai yerlərdə baş örtüyünü açan və “inqilab küçəsinin qızları” adı ilə tanınan qadınlara gəldikdə, onlar əhalinin yalnız bir neçə faizini təşkil edirlər. Onların bu kimi hərəkətləri isə ölkə düşmənlərinin planı əsasında həyata keçirilir. Məhz buna görə də, polis bu kimi rəftarlara qarşı çıxır və heç vaxt güzəştə getmir” –deyə Əyyub Süleymani əlavə edib.

 

Polis rəsmisi, islam hakimiyyətinin və hicab tərəfdarlarının sayı ilə bağlı istinad etdiyi mənbələri, eləcə də əhali arasında belə bir “sorğu”nun nə vaxt keçirildiyini açıqlamayıb.

 

Xatırladaq ki, İranda qadınların molla rejiminin məcburi hicab siyasətinə qarşı ilk dinc etirazına 2018-ci ilin əvvəllərində start verilib. 31 yaşlı Vida Müvəhhid, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb. O, baş örtüyünü açdığına görə iki dəfə həbs edilib.

 

Vida Müvəhhid

 

Son il yarımda  İranın müxtəlif şəhərlərində onlarla qadın “məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq, hakimiyyətin məcburi hicab siyasətinə etirazlarını bildiriblər. Etirazlarda 40-dan çox qadın həbs edilib, bir neçəsi isə rejimin təzyiq və təhdidlərinə dözməyərək ölkədən qaçıb.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar