İyun ayının 18-də İranda keçiriləcək prezident seçkiləri ilə bağlı danışan Təbrizin millət vəkili Məsud Pezeşkiyan, namizədliyini irəli sürə biləcəyini danmayıb.
Gunaz.tv
İslahatçı cərəyanına yaxınlığı ilə tanınan Məsud Pezeşkiyan İran televiziyasında yayımlanan bir verilişdə yaxın gələcəkdə ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyinə dair suala cavab olaraq deyib ki, "Namizəd olmaq ehtimalı var, amma gedişatın necə olacağını gözləyirik."
Islahatçı qanad seçkilərdə namzədlərinin kimliyi ilə bağlı məlumat verməyib. Ancaq bir sıra mətbuat orqanları Məsud Pezeşkiyan və Məhəmmədrza Arifin bu qanadın əsas namzədləri kimi nəzərə alındıqlarını yazıb.

İranın mühafizəkar siyasi qanadına yaxın xəbər agentlikləri prezident seçkilərində İslam İnqilabı Qvardiyasının (Sepah) üzvlərindən olan Hüseyn Dehqan və Səid Məhəmmədnin namizədliklərini irəli sürəcəklərini proqnozlaşdırırlar.
Seyid Əli Xaməneinin müdafiə işləri üzrə məsləhətçisi Hüseyn Dehqan bundan öncə mətbuata verdiyi açıqlamada prezidentliyə namzədliyini verəcəyini təsdiq edib.
Reformistlər bunu ölkənin daha çox avtoratorizmə yuvarlanması yönündə atıla biləcək təhlükəli addım kimi dəyərləndirirlər.
Reformistlərin ideoloqu kimi tanınan Səid Həccariyan Dehqanın prezident seçiləcəyi təqdirdə ölkədə qarşısı alınmaz böhran və qarşıdurmanın yaranacağını, silahlı müxalifətin güclənəcəyini deyib.
S.Həccariyan “Etimad” qəzetinə verdiyi müsahibədə bildirib: “hərbi hakimiyyət ölkənin bəzi kənar bölgələrini təhrik edir və etnik böhranları dərinləşdirir, çünki belə bir arqument ortaya atılır ki mərkəzi hökumətin silahlı olduğu halda niyə biz olmayaq?”

Qeyd etmək lazimdir ki, S.Ə.Xamnəinin “böyük uğur” adlandırdığı İranın son parlament seçkilərində seçici fəallığı 42.57 faiz olmuşdu ki, bu da İran İslam Respublikası tarixində ən aşağı göstərici idi.
Prezident seçkilərində daha az iştirak gözlənildiyi üçün vətəndaşları seçkil sandıqlarının başına çəkmək üçün müxtəlif siyasi manevrlər edilir. Məsud Pezeşkiyan İran siyasətində və Azərbaycanda nüfuzlu şəxslərdən sayılır. Onun namizədliyini irəli sürməsi çox sayda vətəndaşın, xüsusilə ötən prezident seçkilərinə əhəmiyyət verməyən azərbaycanlıların aktivliyini artıra bilər.
C.E