İranda sərnişin avtobusunun yanacaq daşıyan tankerlə toqquşması nəticəsində 2 nəfər ölüb, 35 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Gunaz.tv
Hadisə, yanvarın 26-sı yerli vaxtla axşam saat 23:35 radələrində Gərmsar-Simnan magistral yolunda, Sorxənin 35 kilometrliyində baş verib. Kərəcdən Məşhədə yola düşən sərnişin avtobusu naməlum səbəbə görə yanacaq daşıyan tankerlə toqquşub.
İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi mediaya açıqlamasında deyib ki, qəza nəticəsində 2 nəfər yerindəcə keçinib, 35 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.
Sözçü, yol qəzasının səbəbinin araşdırıldığını bildirib.
Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında ən azı 28 min nəfər həyatını itirir, minlərlə insan isə müxtəlif dərəcəli bədən xəsarəti alır.
A.M