SON XƏBƏRLƏR

İranda tanınmış axund tərəfindən dəfələrlə zorlanan gənc edam edilib

2021.10.20, 07:36
İranda tanınmış axund tərəfindən dəfələrlə zorlanan gənc edam edilib

Gunaz.tv

GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş 20 yaşlı gənc edam edilib. 

 

İrandakı hüquq-müdafiəçilərinin edam edilən gəncin ailəsinə istinadən yaydığı xəbərə əsasən, müttəhim Hüseyn İsmayılpur, 14 yaşındaykən dini təhsil almaq üçün Rudsər mədrəsəsinə (mollaxanasına) qəbul edilir. O, az sonra, vaxtilə “Sepah”ın keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun hazırkı katibi Möhsün Rzayinin Gilandakı müşaviri olmuş Fəxri Ləngərudi adlı bir axundla tanış olaraq, dəfələrlə onun tərəfindən zorlanır. Bildirilir ki, 2014-cü ildə 20 yaşı ərəfəsində olan Hüseyn İsmayılpur onu zorlamış axunddan intiqam almaq qərarına gəlir. Belə ki, o, iki dostunun yardımı ilə axund Fəxri Ləngərudini qətlə yetirir.

 

Qətl hadisəsindən sonra iki dostu ilə birlikdə həbs edilən Hüseyn İsmayılpur məhkəmədə başına gələnləri danışıb yeniyetməlik dövründə dəfələrlə axund tərəfindən zorlandığını açıqlasa da, məhkəmə ona qarşı çıxardığı ölüm cəzasını geri götürmür. Nəticədə, Hüseyn İsmayılpur 4 il həbsdə saxlandıqdan sonra bu il dekabrın 1-də İranın Rəşt şəhərinin Lakan zindanında dara çəkilir.

 

Gənc müttəhim edam edildikdən sonra onun atası jurnalistlərə açıqlamasında oğluna qarşı edilən ədalətsizliyə etiraz bildirib. O deyib: “Oğlumum öldürdüyü şəxs nüfuzlu bir axund olduğu üçün biz zorlama faktı ilə bağlı məhkəmədə heç nəyi sübut edə bilmədik. Hər şey onların xeyrinə cərəyan etdi. Bizim sözümüzə qulaq asan olmadı. Hər şey elə tənzimlənmişdi ki, biz məhkum, onlar isə haqlı görünürdülər. Bütün qapılar üzümüzə bağlanmışdı və sonunda 3-4 ay içində işi tələm-tələsik bağladılar və oğluma çıxarılan ölüm hökmünü təsdiqlənməsi üçün Ali Məhkəməyə göndərdilər. Ali Məhkəmə də hökmü qüvvədə saxladıqdan sonra onu icra etdilər. Bizim isə hökmün icrasını dayandırmaq üçün əlimizdən heç bir iş gəlmədi”.

 

Bildirilir ki, axundun qətlində iştirak edən digər iki müttəhimdən biri ömürlük həbsə məhkum edilib. Üçüncü müttəhim isə əvvəlcə 11 il həbsə məhkum edilsə də, sonradan bəraət alıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar