SON XƏBƏRLƏR

İranda təbrizli alim haqda çıxarılan edam hökmünün icrası təxirə salınıb

2021.10.20, 07:36
İranda təbrizli alim haqda çıxarılan edam hökmünün icrası təxirə salınıb

Gunaz.tv

GünAz TV: İranda azərbaycanlı araşdırmaçı-alim, İsveç (Sued) sakini Prof. Dr. Əhmədrza Calali haqda çıxarılan edam hökmünün icrası təxirə salınıb. Dosyenin Ali Məhkəmə tərəfindən daha çox araşdırılacağı bildirilir.

 

Bu barədə Fransa radiosunun rəsmi saytında xəbər yayılıb. Belçikada insan haqları müdafiəçisi kimi fəaliyyət göstərən  vəkil Zəhir Şihəvinin sözlərinə görə, dosyeyə gələn ay başqa bir hakim baxacaq. Ona bu haqda İranda fəaliyyət göstərən insan haqları fəalları kollektivi tərəfindən məlumat verilib.

 

Azərbaycanlı alimin vəkili Zeynəb Tahirinin insan haqları fəalları kollektivinə verdiyi məlumatda bildirilir ki, “dosye hazırda prokuror müavini və onun köməkçisi tərəfindən araşdırılır. Bu iki nəfər çıxarılan hökmün icrası haqda məsuliyyət daşıyır. Z.Tahirinin sözlərinə görə, onların təşkil olunan dosye haqda müttəhimin etirazına oxşar fikirləri var.”

 

Vəkil aparılacaq araşdırmadan sonra alim haqda çıxarılan edam hökmünün ləğv olunacağına ümid etdiyini bildirib.

 

Z.Tahiri, Ə.Calalinin sağlamlıq durumunun yaxşı olmadığını bildirərək onun normal xəstəxanada müalicə almağa ehtiyacı olduğunu diqqətə çatdırıb. Məlumata görə, müttəhimin dosyesinə baxan hakim Əbulqasim Sələvati onun xəstəxanada müalicə alması ilə bağlı edilən müraciətləri dəfələrlə rədd edib.

 

Bundan öncə Avropa Birliyi, onlarla nobel mükafatçısı, beynəlxalq insan haqları təşkilatları və s. İrandan azərbaycanlı alim haqda çıxarılan edam hökmünün ləğvini və onun azadlığa buraxılmasını tələb ediblər.

 

İran rejimi Ə.Calalini iki iranlı nüvə aliminin qətlində əli olmaqda və İsrailə casusluq etməkdə günahlandırır, alim isə bütün bu ittihamları rədd edir.

 

Ə.Calalinin həyat yoldaşı “Radio Fərda”ya bildirib ki, ona 3 ay təknəfərlik kamerada saxlandığı müddətdə ailəsi ilə ayda bir dəfə, o da bir dəqiqəlik söhbət icazəsi verilib. O həmçinin aylarca vəkili ilə əlaqə saxlaya bilməyib.

“Həbsxanada ona bildirilib ki, sənin övladların öldürüləcək. Lakin etiraf etsən bu məsələ öz həllini tapacaq və azadlığa buraxılacaqsan”- deyə müttəhimin   həyat yoldaşı əlavə edib.

 

Ə.Calalinin anası da İran İnsan Haqları Təşkilatına oxşar sözləri bildirib. “Əhmədrzanı təhdid ediblər ki, əgər bizimlə əməkdaşlıq etməsən sənin övladların isveçdə öldürüləcək. O uzun müddət böcək və qarışqalarla dolu təknəfərlik kamerada saxlanılıb. Oğlum 209-cu korpusda ağır söyüşlərlə təhqir edilərək gözləri bağlı şəkildə sorğu-suala tutulub”- deyə alimin anası qeyd edib.

 

Müxtəlif qurum və şəxslər, o cümlədən İnsan haqları Təşkilatları, Avropada yaşayan azərbaycanlı alimin İranın kəşfiyyat və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməkdən imtina etdiyinə görə edama məhkum edildiyinə inanır.

 

Azərbaycanlı alim islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb. O bir neçə il əvvəl İsveçin Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

 

Ə.Calali Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Təbrizli alimin məhkəmə prosesi sentyabrın 24-də hakim Salavatinin sədrliyi ilə keçirilib, məhkəmə prosesinin 2 dəqiqə ərzində yekunlaşdığı deyilir.

Edam hökmü oktyabrın 21-də elan olunub.

Müstəntiqlər istintaq aparıldığı zaman ona bildiriblər ki, bizimlə əməkdaşlıq etmədiyin üçün sənə ağır ittiham irəli sürüləcək.

 

Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar