SON XƏBƏRLƏR

İranda yeni ballistik raketin təqdimat mərasimi keçirilib

2021.10.20, 07:36
İranda yeni ballistik raketin təqdimat mərasimi keçirilib

Gunaz.tv

GünAz TV: “Sepah”ın yeraltı raket istehsalı zavodlarından birində “Dezful” adlı yeni yer-yer tipli ballistik raketin təqdimat mərasimi keçirilib.

 

Mərasimdə çıxış edən “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri Qərb əleyhinə kəskin fikirlər səsləndirib.

 

O, Qərbin təzyiqlərinə baxmayaraq, ölkəsinin raket proqramını dayandırmayacağını, əksinə, bu sahəni daha da inkişaf etdirərək, əvvəllər istehsal edilmiş raketləri də modifikasiya edərək, ağıllı raketlərə çevirəcəklərini deyib.

 

Xatırladaq ki, başda Amerika Birləşmiş Ştatları olmaqla, dünyanın bir çox ölkələri, eləcə də, Avropa Birliyi İranın raket proqramına görə narahatlıq ifadə edirlər. Bu ölkələr dəfələrlə rəsmi Tehrandan öz raket proqramını dayandırmağı tələb ediblər. Hətta Aİ ilə rəsmi Tehran arasında yeni maliyyə kanalının işə salındığı elan edildikdən sonra Avropa İttifaqı fevralın 4-də bəyanat yayaraq, İranın ballistik raket proqramının dünya birliyininin təhlükəsizliyinə qarşı təhdid olduğunu bildirərək, rəsmi Tehranı kəskin tənqid etmiş və raket proqramını dərhal dayandırmağı tələb etmişdi.

 

“Sepah” komandanı Avropanın bu çağırışına da sərt cavab verib və onların “hayasız siyasət” apardığını deyib: “Bu gün avropalılar öz mənfur güclərindən dünyanın bir çox yerlərində məzlum və günahsız insanlara qarşı hayasızcasına hücum təşkil etmək üçün istifadə etdikləri halda, biz yalnız öz müdafiə qüdrətimizi artırırıq və heç bir təhdiddən qorxmuruq”- deyə Məhəmmədəli Cəfəri əlavə edib.

 

Məhəmmədəli Cəfəri İranın regionda fəaliyyət göstərən radikal dini qruplaşmalara göstərdiyi hərbi və maddi yardımlara da toxunub və ölkəsinin bu siyasəti davam etdirəcəyini deyib: “Bizim bu uğurlarımızın xalqa və (İran-red) islam inqilabını sevənlərə verdiyi mesaj budur ki, İran İslam Respublikası müdafiə qüdrətini artırmaqla hər zaman onları himayə edəcək, eləcə də imperyalizmə qarşı mübarizə daha da genişlənəcək”- deyə “Sepah” komandanı vurğulayıb.

 

Qeyd etmək lazımdır ki, İran Hizbullah, Taliban və husilər hərakatı kimi regionda fəaliyyət göstərən bir çox terror və radikal islamçı qruplaşmalara hərbi və maddi yardım göstərir. Rəsmi Tehran hər il bu qruplaşmaları maliyyələşdirmək üçün milyardlarla dollar vəsait xərcləyir. Beynəlxalq ictimaiyyət dəfələrlə İrandan terror qruplaşmalarına göstərdiyi dəstəyi kəsməyi tələb etsə də, “Sepah” komandanı bu mərasimdə ölkəsinin qeyd edilmiş qruplaşmalara yardımının daha da genişlənəcəyini deyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar