SON XƏBƏRLƏR

İrandakı son etirazlarda tutulan daha 1 gənc aksiyaçı işgəncələr altında öldürülüb

2021.10.20, 07:36
İrandakı son etirazlarda tutulan daha 1 gənc aksiyaçı işgəncələr altında öldürülüb

Gunaz.tv

GünAzTV: Son üç ayda İranda molla rejiminə qarşı ölkədə keçirilən kütləvi xalq etirazları ilə əlaqədar tutulan daha 1 aksiyaçı işgəncələr altında öldürülüb. Hadisə üç həftə əvvəl baş versə də, bu barədə yenicə xəbər yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, ay yarım əvvəl İranın İlam şəhərində tutulan və ETTELAAT-ın yerli idarəsinin təcridxanasında saxlanılan gənc aksiyaçı Talib Bəsati, üç həftə əvvəl fiziki işgəncələr altında dindirilərkən həyatını itirib. Aksiyaçının cənazəsi ailəsinə təhvil verilərək səssiz-səmirsiz torpağa tapşırılıb. 

 

İlamın İran parlamentindəki deputatı Calal Mirzayi, martın 14-də jurnalistlərə açıqlamasında aksiyaçının ölümünü təsdiq edərək, onun həbsxanada infarkdan keçindiyini bəyan edib: “Məlikşahi şəhərinin Təcili Tibbi Yardım İdarəsinin işçilərindən olan Talib Bəsati, son etirazlar  zamanı tutulmuşdu. Deyilənlərə görə, onun xaricdəki əksinqilabçılarla əlaqəsi də olub”.

 

 

Xatırladaq ki, 3 ay əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib.

 

Tutulanlardan isə ən azı 15 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin çoxunun “intihar” etdiyini və ya infarkt keçirdiyini iddia edirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar