SON XƏBƏRLƏR

İrandan Amerika ilə Taliban arasında sülh razılaşmasına reaksiya: "Amerikanın hüququ yoxdur..."

2021.10.20, 07:36
İrandan Amerika ilə Taliban arasında sülh razılaşmasına reaksiya: "Amerikanın hüququ yoxdur..."

Gunaz.tv

GünAz TV: İran Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Amerika ilə Taliban arasında imzalanmış sülh razılaşmasını tənqid edib.

 

Bəyanatda rəsmi Tehran iddia edib ki, "Amerikanın Əfqanıstanla bağlı sülh müqaviləsi bağlamağa və ya hansısa qərar qəbul etməyə hüquqi əsası yoxdur".

 

İran XİN bəyanatda bunu ABŞ-ın öz hərbi qüvvələrinin Əfqanıstanda mövcudiyyətini "legitimləşdirmək" üçün "cəhd" kimi qəbul etdiyini bildirib.

 

"Rəsmi Tehran davamlı sülhün yolunu yalnız əfqanların öz aralarında aparılan müzakirələrdə və qonşuların maraqlarının nəzərə alınmasında görür", - deyə İranın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

 

Xatırladaq ki, fevralın 29-da Amerika Birləşmiş Ştatları ilə Taliban arasında tarixi sülh müqaviləsi imzalanıb. Razılaşma Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasını və bu ölkənin daxilində dialoqun başlanmasını nəzərdə tutur. Sülh müqaviləsinin imzalanma mərasimində 30 ölkənin nümayəndəsi iştirak etsə də, İran mərasimə dəvət edilməmişdi.

 

Digər tərəfdən, sələfi məzhəbinə etiqad edən Taliban terror təşkilatı ilə İran rejimi arasında hər zaman düşmən münasibət olub. Xüsusilə, 1998-ci ildə Talibanın Məzari-Şərif şəhərində İran konsulluğunun 10 diplomatını və İRNA agentliyinin 1 jurnalistini öldürməsindən sonra iki tərəf barışmaz düşmənə çevrilmişdilər.

 

Lakin son illər ərzində regional maraqlarına xidmət etdiyi üçün İran reimi Talibana açıq siyasi, hərbi və maddi yardım göstərir. Əfqanıstanın təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı dəfələrlə Talibanın döyüşçülərindən və anbarlarından İran istehsalı olan silah və bombalar tapılıb.

 

Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də daxil olmaqla, əksər iranlı rəsmilər Talibana açıq dəstək nümayiş etdirirlər.

 

Hətta 2019-cu ilin yanvar ayının əvvəllərində Məhəmməd Cavad Zərifin daha da irəli gedərək, “Əfqanıstanın gələcəyi Talibansız mümkün deyil” fikirini səsləndirməsi rəsmi Kabilin sərt reaksiyasına səbəb olmuşdu. Əfqanıstanın Xarici İşlər Nazirliyi onun bu çıxışına verdiyi cavabda Zərifi və İran Xarici İşlər Nazirliyini Taliban terror qruplaşmasının mətbuat xidməti adlandırmışdı.

 

Ötən ilin noyabr ayının sonuda da Taliban nümayəndə heyəti İrana səfər etmiş, Zərif də daxil olmaqla, bir neçə rəsmi ilə görüşlər keçirmişdi.

 

Amerika ilə Talibanın sülh razılaşması əldə etməsi İranın regional maraqları üçün Talibandan istifadə etməsinin gələcəyini sual altına saldığından, iranlı rəsmilər bu razılaşmaya mənfi münasibət bildirirlər. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar