SON XƏBƏRLƏR

İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ-ın Mərkəz Komandanlığını “terrorçu qrup” adlandırıb

2021.10.20, 07:36
İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ-ın Mərkəz Komandanlığını “terrorçu qrup” adlandırıb

Gunaz.tv

GünazTV: İranın Ali Milli Təhlükəsizlik Şurası aprelin 8-i gecə saatlarında bəyanat yayaraq, ABŞ-ın Asiyanın qərbindəki Mərkəz Komandanlığını (CENTCOM) və amerikalı əsgərləri terrorçu qrup adlandırıb.

 

Sosial şəbəkələrdə iranlı internet istifadəçilərinin gülünc və məzhəkəsi ilə qarşılanan İran rejiminin bu addımı, Tramp hökumətinin “Sepah”ı terrorçu qruplaşmalar siyahısına daxil etməsindən bir neçə saat sonraya təsadüf edib.

 

İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin təklifi ilə bu addımı atan İranın Ali Milli Təhlükəsizlik Şurasının yaydığı bəyanatında bildirilir ki, Ağ Evin bu “macəraçı” qərarının sonrakı təhlükəli aqibət və fəsadlarının məsuliyyəti birbaşa Amerikanın üzərinə düşəcək: “Hesab edirik ki, Amerikanın “Sepah”ı terrorçu qruplar siyahısına daxil etməsi, regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı əsas təhlükədir. Bu, həm də BMT bəyannaməsinin və beynəlxalq hüquq qayda və normalarının açıq şəkildə pozulması deməkdir” - deyə bəyanatda vurğulanır.

 

ABŞ dövlət katibi Mayk Pompeo

 

ABŞ dövlət katibi Mayk Pompeo isə jurnalistlərə açıqlamasında məsələyə münasibət bildirərək, “Sepah”ı amerikalı əsgərlərin qanını tökməkdə günahlandırıb: “Sepah” qüvvələri inqilabçı yox, oğrudurlar. “Sepah”ın başında duranlar öz güclərindən sui-istifadə edən korrupsioner və fasid məsullardır. Amerikalı əsgərlərin qanı isə “Sepah”ın əli ilə axıdılır. “Sepah” və İran hakimiyyəti dünyada terror aktlarını həyata keçirir, “Sepah”ın “Qüds” qanadının komabndanı Qasım Süleymani isə zorakı yollarla İran inqilabını digər ölkələrə ixrac etməyə çalışır” – deyə Pompeo əlavə edib.

 

Xatırladaq ki, prezidenti Donald Tramp aprelin 8-də bəyanat yayaraq, İran İnqilab Keşikçiləri Korpusunu (Sepah-ı) terrorçu təşkilatlar siyahısına daxil etdiyini rəsmən elan edib.

 

Bununla da rəsmi Vaşinqton tarixdə ilk dəfə olaraq bir ölkənin hərbi birləşməsini terror təşkilatı kimi tanıdığını elan edib.

 

Trampın bəyanatında deyilir: “Bu gün mən mühacirət və vətəndaşlıq məcəlləsinin 219-cu bəndini rəhbər tutaraq, hökumətimin “Sepah”ı və onun “Qüds” qanadını xarici terror təşkilatı kimi tanımaqla bağlı qərarını elan edirəm. Dövlət Departamentinin rəhbərliyi altında atılan bu misilsiz addım, İranın təkcə terrorizmi dəstəkləyən dövlət olduğunu deyil, eləcə də “Sepah”ın dövlət qurumu kimi terror aktlarında fəal iştirak etdiyini və terrorizmin yayılmasını maliyyələşdirdiyini göstərir. “Sepah”, İran rejiminin dünyada terrorizmi idarə və təbliğ etməsi və onu maliyyələşdirməsi üçün əsas alətlərdən biridir”.

 

Bildirilir ki, “Sepah”ın terrorçu qruplaşmalar siyahısına daxil edilməsinin təfərrüatları gələn həftə açıqlanacaq və bununla bağlı İrana qarşı əlavə sanksiyalar tətbiq ediləcək.

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar