SON XƏBƏRLƏR

İranın Ali Milli Təhlükəsizlik Şurası Reuters agentliyinin məlumatına münasibət bildirib

2021.10.20, 07:36
İranın Ali Milli Təhlükəsizlik Şurası Reuters agentliyinin məlumatına münasibət bildirib

Gunaz.tv

GünAz TV: İranın Ali Milli Təhlükəsizlik Şurası ötən gün Reuters agentliyinin bu ölkədə noyabr ayında benzinin bahalaşdırılmasına qarşı keçirilmiş etirazlarda 1500 nəfərin öldürülməsi ilə bağlı yaydığı məlumata münasibət bildirib.

 

Şuranın Katibliyinin İnformasiya Mərkəzinin rəhbəri Əlirza Zərifiyan Yeganə Reuters-i "əvvəlcədən hazırlanmış psixoloji əməliyyat proqramına əsasən hərəkət etməkdə" günahlandırıb. O, eyni zamanda agentliyin təqdim etdiyi hesabat və məlumatları "dəyərsiz" və "etibarsız" adlandırıb.

 

Əlirza Zərifiyan Yeganə agentliyi "doğru məlumat yaymamaqda" ittiham etsə də, özü etirazalar zamanı qətlə yetirilən insanların sayı barədə heç bir rəqəm dilə gətirməyib. O, həmçinin Reuters-in məlumatlarını hansı meyarlara əsasən "etibarsız" hesab etdiklərinə dair heç nə deməyib.

 

Ümumiyyətlə, İran etirazlardan 1 aydan çox müddət keçməsinə baxmayaraq, hələ də ölənlərin sayı barədə heç bir statistika açıqlamayıb. Əksinə olaraq, bu günə qədər bu xüsusda rəqəmləri açıqlayan Amnesty İnternational kimi insan haqları təşkilatları və xarici media orqanlarını "etibarsızlıqda" ittiham etməklə məşğul olub.

 

Bəzi məlumatlara əsasən, öldürülənlərin sayı o qədər çoxdur ki, rejim onları zamanla açıqlamağa çalışır. Eləcə də, təhlükəsizlik qüvvələri qətlə yetirilən insanları 3 kateqoriyaya- "adi", "yoldan keçən" və "xuliqan" qruplarına bölür.


Əlirza Zərifiyan Yeganə də sonda bu xüsusa diqqət çəkib və bildirib ki, zərər çəkənlərin hər birini aşkar etmək və onların hansı şəraitdə öldürüldüyünü aydınlaşdırmaq üçün xüsusi qrup yaradılıb.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar