SON XƏBƏRLƏR

İRANIN AZƏRBAYCANA İDEOLOJİ TƏCAVÜZÜ DAVAM EDİR

2021.10.20, 07:36
İRANIN AZƏRBAYCANA İDEOLOJİ TƏCAVÜZÜ DAVAM EDİR

Gunaz.tv
İRANIN AZƏRBAYCANA İDEOLOJİ TƏCAVÜZÜ DAVAM EDİR Rəsmi Tehran Azərbaycanı vətəndaş müharibəsinə sürükləyir İdrak ABBASOV "Novruzəli Məmmədovun həbsi pantürkizm cərəyanının, demokratik hüquqları ancaq Azərbaycan türklərinə aid bilənlərin hiyləsi sayaraq onun tezliklə azad olunmasını tələb edirik". "Turan" informasiya agentliyinin yaydığı xəbərə görə, bu cümlə İran talışlarının 18 QHT-sinin adından yayılıb. Məlumata görə, müəlliflər N.Məmmədova qarşı ittihamları əsassız saydıqlarını və bu həbsin İran-Azərbaycan dostluğuna ziyan vurduğunu bəyan edirlər. Bəyanatda N.Məmmədov "qeyri-siyasi şəxs, mədəniyyətlə məşğul olan ağsaqqal talış ziyalısı, şimal talışlarının milli oyanışında böyük rolu olan şəxs" kimi təqdim edilir. Eyni zamanda, müəlliflər N.Məmmədovun həbsinə səbəb olan İranın qələm və mədəniyyət xadimləri ilə məxfi əlaqələrini inkar edərək, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin qərarını saxta adlandırırlar. Xatırladaq ki, Novruzəli Məmmədov Talış Mədəniyyət Mərkəzinin sədri olub, 2007-ci ilin fevralında MTN tərəfindən həbsə alınıb, dövlətə xəyanət ittihamı ilə mühakimə olunaraq bu ilin iyununda 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu bəyanatdan da göründüyü kimi, İran İslam Respublikası Azərbaycanda milli ədavət yaratmaq üçün əlindən gələni əsirgəmir. Məlum olduğu kimi, İran kimi demokratiyadan milyon kilometrlərlə uzaq olan bir ölkədə hər hansı bir müstəqil QHT-nin varlığı və bu QHT-nin müstəqil bəyanat verməsi qəti inandırıcı deyil. Həm də insan hüquq və azadlıqlarından dəm vurulan bəyanat müəllifləri qəti olaraq hazırkı İranın ərazisi sayılan Cənubi Azərbaycanın 30 milyonluq azərbaycanlısının haqq və hüquqlarının tapdanmasını yada salmırlar. 30 milyonluq bir xalqa öz doğma dilində yazmaq, təhsil almaq hüququ verməyən İranın hansı haqla insan haqq və hüquqlarının müdafiəçisi kimi çıxış etməsi anlaşılmır. Yeri gəlmişkən onu da xatırlamaq yerinə düşər ki, rəsmi Tehran Azərbaycan türklərinin haqq və hüquqlarını pozduğu kimi, Cənubi Azərbaycan talışlarının da hüquqlarını kobud şəkildə pozur. Fars dili kimi talış dilinin də hind-Avropa dilləri qrupuna aid olması, hər iki dilin eyni mənşəli olmasından istifadə edən rəsmi Tehran, ümumiyyətlə, Cənubi Azərbaycanda yaşayan 3 milyondan artıq talışı assimilyasiya edərək farslaşdırır. Yəqin ki, mollalar cənublu-şimallı Azərbaycanda heç bir zaman talışlarla Azərbaycan türkləri arasında münaqişə olmadığını, ölkənin başı üzərini təhlükə aldığı zaman isə iki qardaş xalqın həmişə bir səngərdə olduğunu unudurlar. "Ayna"nın ötən sayında da İranın Azərbaycana açıq ideoloji təcavüzündən söz açmışdıq. Azərbaycanın cənub bölgəsində yayımlanan "Səhər" telekanalı mümkün bütün vasitələrdən istifadə edərək iki qardaş xalqı bir-birinə düşmən etməyə, ölkə ərazisində separatçılıq toxumlarını səpməkdə davam edir. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar