SON XƏBƏRLƏR

İranın Fars əyalətinin dövlət idarələrində mühacir və kasıb ailələrin uşaqlarını qul kimi işlədirlər

2021.10.20, 07:36
İranın Fars əyalətinin dövlət idarələrində mühacir və kasıb ailələrin uşaqlarını qul kimi işlədirlər

Gunaz.tv

GünAz TV: İranın Fars əyalətinin Ədliyyə rəisi Kazım Musavi əyalətin dövlət idarələrinin mühacir və kasıb uşaqları ucuz işçi qüvvəsi kimi istismar etdikləri barədə məlumat yayıb.

 

Kazım Musavi “İsna” xəbər agentliyinə verdiyi açıqlamada qeyd edib ki, Fars əyalətində bəzi əyalətlərin əhalilərinin sayı qədər mühacir və kasıb yaşayır.

 

Ədliyyə rəisi mərkəzdən kənarda yaşayan həmin kasıb əhalinin, eləcə də qanunsuz miqrantların uşaqlarının müxtəlif təhlükə və cinayətlərlə üzbəüz qaldığı barədə rəsmilərə xəbərdarlıq edib.

 

“Bu gün həmin uşaqların çoxundan ucuz işçi qüvvəsi kimi sui-istifadə edirlər. Hətta əyalətin (Fars-red.) bir çox dövlət idarələrində də o uşaqların xidmət işlərində ucuz işçi qüvvəsi kimi işlədilməsinin şahidi olmuşam”, - deyə Kazım Musavi əlavə edib.

 

Ədliyyə rəisi həmçinin iş yerlərində məcburiyyət qarşısında qalıb işləməli olan bu uşaqlarla rəhbər şəxslərin pis davranmasını, eləcə də ölkədə miqrant və kasıb uşaqların əməyə cəlb edilməsinin qarşısını alan qanunun olmamasını kəskin tənqid edib. O, sonda Milli Məclisi miqrant uşaqlar və yeniyetmələrlə bağlı qanun qəbul etməyə çağırıb.

 

İranın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkədə uşaqların əməyə cəlb edilməsi ilə bağlı yaydığı statistikalar da ürəkaçan deyil. Nazirlik bu il yaydığı məlumatda bildirmişdi ki, 2017-ci ildə İranda azı 500 min 10-18 yaşlı uşaq ya işləyirdi, ya da iş axtarırdı. Məlumatda bu rəqəmin hər il daha da çoxaldığı vurğulanırdı.

 

Qeyd etmək lazımdır ki, Əfqanıstan müharibə və ağır şəraitdən qaçan insanlardan bəziləri İrana miqrasiya edirlər. Tez-tez sosial şəbəkələrdə İran rejiminin rəsmiləri və iş adamlarının ehtiyac üzündən ən ağır işlərdə işləyən həmin miqrantların özləri və uşaqları ilə insanlığa sığmayan davranışlar sərgiləmələri ilə əlaqədar görüntülər yayılır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar