İranın Sistan-Bəlucistan əyalətinin İranşəhr şəhərində tikilməkdə olan sünnilərə məxsus məscid dağıdılıb.
Gunaz.tv
Bu barədə, İrandakı bəluc fəalları kampaniyası yanvarın 24-də məlumat yayıb.
Məlumatda bildirilir ki, sünni bəluclara məxsus Cami məscidinin tikilməsi üçün aidiyyətli rəsmi qurumlardan əvvəlcədən icazə alınsa da, İranın “dini lider”i Əli Xamneyinin Sistan-Bəlucistandakı nümayəndəsi Mustafa Məhaminin və yerli ETTELAAT idarəsinin buna qarşı çıxmasından sonra, bünövrəsi qoyulmuş məscid yerli hüquq-mühafizə qüvvələri tərəfindən dağıdılıb.
Bildirilir ki, Xamneyinin əyalətdəki nümayəndəsi Mustafa Məhami və yerli ETTELAAT İdarəsi bundan əvvəl də tikintisinə başladılmış “Mövlana İbrahim Daməni” və Mənbə ül Ülum Kuhvən” məscidlərinin inşasının başa çatmasına mane olaraq, tikintilərin dayandırılmasına göstəriç veriblər.
Qeyd edək ki, 1979-ci ildə İranda radikal şiə axundların hakimiyyətə gəlişindən bu yana, sünnilər yaşayan bölgə və əyalətlərdə, o cümlədən də paytaxt Tehranda sünnilərə məxsus məscidlərin tikilməsinə qadağa qoyulub. Bu isə İranda sünni xalqların, xüsusən də kürdlər, ərəblər, bəluclar, türkmənlər və digər sünni əhalinin narahatlığına səbəb olub.

Sistan-Bəlucistan əyalətinin imam cüməsi Mövləvi Əbdülhəmid İsmayılzehi
Xatırladaq ki, Sistan-Bəlucistan əyalətinin imam cüməsi Mövləvi Əbdülhəmid İsmayılzehi üç həftə əvvəl İranın “dini lider”i Əli Xamneyiyə məktub yazaraq, hökumətin ölkənin sünni məzhəbli əhalisinə, xüsusən da bəluclara qarşı ayrı-seçkilik siyasətinə etiraz bildirərək, bu kimi halların qarşısının alınmasını tələb etmişdi: “Təəssüflər olsun ki, islam inqilabının bərqərar olunmasından 42 il keçməsinə baxmayaraq, ölkənin sünni məzhəbli əhalisi hələ də cürbəcür ayrı-seçkilikərə məruz qalır, müxtəlif problemlərlə üz-üzə qalırlar.
Daha doğrusu, islam respublikasında yaşayan ölkənin sünni məzhəbli əhalisi, o cümlədən də bəluclar məruz qaldıqları bu kimi ayrı-seçkiliklərə görə də özlərini ölkənin ikinci və ya üçüncü dərəcəli vətəndaşı kimi hiss edirlər”, -deyə, Sistan-Bəlucistan əyalətinin imam cüməsi Mövləvi Əbdülhəmid İsmayılzehinin Xamneyiyə yazdığı məktubunda bildirmişdi.
A.M