SON XƏBƏRLƏR

İranın müxtəlif bölgələrində yağan güclü yağışlar selə səbəb olub

2021.10.20, 07:36
İranın müxtəlif bölgələrində yağan güclü yağışlar selə səbəb olub

Gunaz.tv

GünAz TV: Ötən gün yağan güclü yağışlar İranın İlam, Xuzistan və Loristan əyalətlərində daşqınlara səbəb olub.

 

Yağan güclü yağışlar İlam əyalətində küçələrdə selə, bəzi çayların isə daşmasına səbəb olub. Sel nəticəsində insan tələfatı yaşanmasa da, infrastrukturlara zərər dəydiyi deyilir.

 

Loristanda da güclü yağışlar bir sıra fəsadlara yol açıb. Ötən günün günorta saatlarından başlayan yağıntılar nəticəsində əyalətin bir sıra bölgələrində keçidlər və küçələri su basıb, eləcə də çaylar öz məcrasından daşıb. Sinoptiklər gələn günlərdə də güclü şimşək və ildırımla müşayiət olunan əlverişsiz hava şəraitinin olacağını proqnozlaşdırırlar.

 

Yerli Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən, ötən gün əyalətin Xürrəmabad bölgəsində 6 saat aramsız yağan yağış nəticəsində 10 millimetr civarında yağıntı qeydə alınıb. Kuhdəşt, Rumeşkan və Şulabad rayonlarında da müşahidə edilmiş yağıntı miqdarı yüksək olub. Yağışlar Kuhdəştdə çayların daşmasına yol açıb.

 

Digər tərəfdən, Xuzistan əyalətində də davam edən qeyri-sabit hava şəraiti nəticəsində ötən gündən bütün məktəblərin səhər növbəsində dərslər müvəqqəti olaraq dayandırılıb. Yağışlar nəticəsində rayonun küçə və keçidlərini su basdığı deyilir.

 

Sinoptiklər qarşıdakı günlərdə də ildırım və şimşəklə müşayiət olunan qeyri-sabit hava şəraitinin davam edəcəyini proqnozlaşdırıblar və buna görə də, əhaliyə ehtiyatlı olmaqla bağlı xəbərdarlıq ediblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar