SON XƏBƏRLƏR

İranın neft ayırma və petrokimya sahələrində icra etdiyi layihələr su çatışmazlığına görə yarımçıq qalıb- FOTO

2021.10.20, 07:36
İranın neft ayırma və petrokimya sahələrində icra etdiyi layihələr su çatışmazlığına görə yarımçıq qalıb- FOTO

Gunaz.tv

GünAz TV: "Reuters" agentliyi yaydığı yeni məlumatda su böhranına görə böyük problemlərlə üzləşən İranın neft ayırma və petrokimya sahələrində icra etdiyi bir neçə layihənin adını qeyd edib.


Rəsmilərin, eləcə də beynəlxalq təşkilatların yaydıqları hesabatlara görə, İran böyük su qıtlığı ilə üz-üzədir. Ölkənin petrokimya sənayesi və neft ayırma zavodlarının öz fəaliyyətlərini normal davam etdirə bilmələri üçün böyük su mənbələrinə ehtiyac duyulur.

 


"Reuters" məlumatına sözügedən layihələrdə iştirak edən şirkətlərin bəyanatlarını, etibarlı mənbələr və ya səhmdarlarla apardığı müsahibələri, eləcə də İran mediasında dərc edilmiş xəbərləri daxil edib.

 

* Xorasan Petrokimya Şirkəti:
Xorasan Petrokimya Kompleksinin 2-ci fazası illik 660 min ton karbamid (kimyəvi gübrə-red.) və 40 min ton melamin istehsal etmək üçün dizayn edilib. Kompleksin investorları olan Neft Təchizatı Şirkətləri və Neft-Kimya İnvestisiya Şirkəti bildirirlər ki, su ehtiyatı təminatı olmadığından, layihənin icrası baş tutmayıb.

 

* Kirmanşah Neft-Kimya Sənayesi:
Kirmanşah Neft-Kimya Sənayesi Kompleksinin genişləndirilməsi planı da illik minimum 120 min ton polipropilen tədarük etmək üçün dizayn edilmişdi, lakin bu layihə də su çatışmazlığı səbəbindən yarımçıq dayandırılıb. Qurumdan "Reuters"ə verilən açıqlamaya görə, müəssisənin fəaliyyətinin genişləndirilməsi üçün bütün lisenziyalar alınıb. Baxmayaraq ki, planın 2018-ci ilin yekunlaşdırılması qərarlaşdırılmışdı, lakin hələ ki, işlərin 30%-i icra edilib və bu minvalla işlərin 2022-ci ilin sonuna yekunlaşacağı gözlənilir.

 

* Firuzabad Neft-Kimya Şirkəti və bənzər layihələr:
Firuzabadda etilen istehsalı üçün imzalanmış 500 milyon dollarlıq müqavilənin icrası 10 il öncə dayandırılıb. Layihənin direktoru bildirir ki, buna səbəb su çatışmazlığıdır və araşdırmalar göstərir ki, problemin həlli demək olar ki, qeyri-mümkündür.

 

Etilen istehsalı üçün nəzərdə tutulmuş Cəhrom, Darab, İstəhban və Fəsa kimi digər 4 layihənin icrası da analoji səbəbdən baş tutmayıb.

 

* Gülüstan Neft-Kimya Müəssisəsi:
Müəssisənin təməl qoyma mərasimindən 12 il keçməsinə rəğmən, İran Dövlət Teleradio Şirkəti ehtiyac duyulan qədər suyun olmamasına görə, onun icrasının hələ də yekunlaşmadığı barədə məlumat yayıb. Kompleks illik 677 min ton Ammonyak və min tondan çox Karbamid istehsal etmək üçün nəzərdə tutulub.

 

* Kuhdəşt Petrokimya:
"Təsnim" xəbər agentliyinin məlumatına əsasən, müəssisənin rəsmi açılışından 8 il keçsə də, hələ ki, 0, heç bir məhsul istehsal edə bilməyib. Kompleksin illik 11 min ton izobutan, 45 min ton etilen istehsal edəcəyi gözlənilirdi. Bu kompleksin də su çatışmazlığından istehsal işləri ilə məşğul ola bilmədiyi bildirilir.

 

Sadalananlardan başqa, Dana və Xomeyn Neft-Kimya Müəssisələrinin, Şiraz Neft Ayırma Zavodunun 2-ci fazasının, İsfahan və Abadan Neft Ayırma Zavodlarının, eləcə də Şazənd Petrokimya Kompleksinin də su böhranı ilə əlaqədar fəaliyyət göstərə bilməmələri qeyd edilir.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar