SON XƏBƏRLƏR

İranın neft ixracı günlük 250 min bareldən aşağı düşüb

2021.10.20, 07:36
İranın neft ixracı günlük 250 min bareldən aşağı düşüb

Gunaz.tv

GünAz TV: İranın neft ixracatı fevral ayında günlük 250 min bareldən aşağı düşüb.

 

Bu barədə enerji informasiyası və gəmilərin naviqasiyası üzrə fəaliyyət göstərən "Kpler" şirkəti məlumat yayıb.

 

Statistikaya əsasən, rəsmi Tehran fevral ayı ərzində günlük cəmi 248 min barel neft ixrac edə bilib. Yanvar ayında bu rəqəm 254 min barel təşkil etmişdi. Lakin sanksiyalardan öncə İran gündəlik təqribən 2.5 milyon bareldən artıq neft satırdı.

 

Hazırda İran neftin böyük hissəsini Çinə, bir qismini isə Suriyaya göndərir. Çinə göndərilən neftin satıldığı və ya depolanmaq üçün aparıldığı məlum deyil. Suriyaya daşınan neftin qarşılığında isə Əsəd rejiminin İrana pul ödəyib-ödəmədiyi barədə də heç bir məlumat yoxdur.

 

Neft satışının 248 min barelə düşməsinə rəğmən, İran hökuməti 1399-cu il (21 mart 2020- 21 mart 2021) büdcə layihəsinə gündəlik 1 milyon barel neft ixracatı daxil edib.

 

"Kpler"in məlumatında həmçinin qeyd edilir ki, fevral ayı ərzində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İraq neft satışını əhəmiyyətli dərəcədə artırıb. Bu 3 ölkənin qeyd edilən zaman dilimində ixrac etdikləri neftin həcmi ümumilikdə gündəlik 22 milyon 359 min barelə çatıb. Bu isə yanvar ayı ilə müqayisədə 464 min barel artımdan xəbər verir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar