SON XƏBƏRLƏR

İranın sabiq yüksək vəzifəli 154 rəsmisi Xamneyidən Kərrubi, Musavi və Rahnəvərdin ev dustaqlığına son verməsini istəyiblər

2021.10.20, 07:36
İranın sabiq yüksək vəzifəli 154 rəsmisi Xamneyidən Kərrubi, Musavi və Rahnəvərdin ev dustaqlığına son verməsini istəyiblər

Gunaz.tv

 

GünAz TV: Aralarında sabiq nazirlər, nazir müavinləri, səfirlər, millət vəkilləri və digər bu kimi yüksək vəzifəli şəxslər olan siyasətçilər "dini lider" Əli Xamneyinə məktub ünvanlayıblar.

 

Onlar Xamneyidən Mehdi Kərrubi, Mirmöhsün Musavi və Zəhra Rahnəvərdin ev dustaqlığına son verməsini istəyiblər.

 

İmzalayanlardan 11-i sabiq nazir, 55-i isə sabiq deputat olan məktubda həmçinin qeyd edilir ki, mövcud vəziyyətdə ağır vəziyyətdə olan İran iqtisadiyyatına çıxış yolu göstərmək mümkün olmasa da, lakin adları çəkilən hər 3 şəxsin ev dustaqlığına son verilməsi cəmiyyətdə həmrəyliyin güclənməsi və gələcəyə olan ümidin artmasına zəmin ola bilər.

 

Sabiq siyasətçilər koronavirus səbəbindən insanların evlərində oturmasını bir növ ev dustaqlığı adlandırıblar, eləcə də bu dövr ərzində hələ qadağan edilmədiyi halda, müvəqqəti olaraq öz yaxınları və digər insanlarla əlaqə qura bilməməyin necə dəhşətli hiss olduğunu daddıqlarını bildiriblər. Onlar bu baxımdan Mehdi Kərrubi, Mirmöhsün Musavi və Zəhra Rahnəvərdin ötən 9 ildən artıq müddətdə ev dustaqlığında yaşadıqları ağır günlərə son verilməsini istəyiblər.

 

Aralarında İranın sabiq 14 səfirinin olduğu siyasətçilər bu addımın cəmiyyətdə, xüsusilə etirazçı və ölkənin gələcəyindən narahat olan vətəndaşlar arasında gözəl sabaha ümid doğuracağını, ölkənin gələcək böhran və bəlalarla mübarizədə gücünü daha da artıracağını vurğulayıblar.

 

Məktubu yazan və imzalayan sabiq siyasətçilərdən bəzilərinin adları aşağıdakı kimidir:
İbrahim Əsğərzadə (sabiq deputat), Murtuza Əlviri (Tehranın keçmiş valisi), Möhsün Əminzadə (Xarici İşlər nazirinin sabiq müavini), Mustafa Taczadə (Məhəmməd Xatəminin prezidentliyi dövründə müşaviri), Əkbər Türkan (Sabiq Müdafiə, eləcə də Nəqliyyat naziri), Murtuza Hacı (Keçmiş Təhsil naziri), Səid Həccariyan (Məhəmməd Xatəminin prezidentliyi dövründə müşaviri), Abdulla Ramazanzadə (Kürdüstan əyalətinin keçmiş valisi), Əbülqasım Sərhəddizadə (Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri), Məhəmməd Səlaməti (Sabiq Kənd Təsərrüfatı naziri), Möhsün Səfayi Fərəhani (Futbol Federasiyasının keçmiş rəhbəri), Əli Əkbər Möhtəşəmipur (Sabiq Daxili İşlər naziri), Ətəullah Mühacirani (Sabiq Mədəniyyət naziri) və Möhsün Mirdamadi (Keçmiş deputat).

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar