GünAz TV: İranın Sənaye, Mədən və Ticarət Nazirliyi illik yaydığı hesabatda bu ölkənin sənaye sahəsinə qoyulan xarici sərmayələrin həddindən artıq azaldığını bəyan edib.
Hesabata əsasən, 1398-ci ildə (21 mart 2019- 20 mart 2020-red.) xarici investisiyanın ölkə sənayesinə cəlb edilməsi ondan əvvəlki ilə nisbətən 22.5% azalmaqla, 754 milyon dollar təşkil edib. Hansı ki, bu rəqəm 1396- ci ildə (21 mart 2017- 20 mart 2018- red.), yəni Amerika Birləşmiş Ştatlarının nüvə razılaşmasını tərk etməsindən öncə 3.5 milyard dollar idi.
Nazirlik bildirir ki, ölkənin 1398-ci ildə qaz- konsendant da daxil olmaqla, 43 milyard 370 milyon dollar təşkil edən qeyri- neft məhsulları ixracatında isə 1397- ci illə (21 mart 2018- 20 mart 2019- red.) müqayisədə 6.6% azalmanın olduğu nəzərə çarpır.
Aylıq statistikalarla bağlı detallar isə göstərir ki, İranın ixracatı fevral ayının sonlarından mart ayının sonlarına qədər, yəni ölkədə koronavirusun yayılmağa başladığı müddət ərzində 23% azalma ilə 2.7 milyard dollar təşkil edib.
Nazirlik hesabatda ötən il müxtəlif sənayə məhsullarının illik istehsal həcmi barədə də məlumat verib. Belə ki, İran 1398-ci ildə 758 min ədəd avtomobil istehsal edib. Bu isə ondan öncəki ilə nisbətən yenidən 14.5% azalmanın olduğundan xəbər verir.
Ə.A