GünAzTV: Dörd gün əvvəl İranın Sistan-Bəlucistan əyalətinin Səravan şəhərində baş verən partlayışda yaralanan iki 2 “Sepah”çıdan biri, Seyid Mehdi Hüseyni həlak olub. “Sepah”çı bir neçə gün əvvəl həlak olsa da, bu barədə xəbər yenicə yayılıb.
Bildirilir ki, partlayışda ağır yaralanan Seyid Mehdi Hüseyni xəstəxanaya çatdırıldıqdan az sonra keçinib və onun həyatını qurtarmaq mümkün olmayıb. “Sepah”çının meyiti Gülüstan əyalətinə gətirilərək, dekabrın 14-də Qorqan şəhərində torpağa tapşırılıb. Hadisədə yaralanan digər “Sepah”çının adı mediaya açıqlanmayıb.
Dekabrın 12-si sübh saat 6 radələrində Səravanın Kuhək məntəqəsində “Sepah”ın 2 üzvü əvvəlcədən qurulmuş yol qırağı tələyə düşəndən sonra güclü partlayış olmuşdu. Partlayış nəticəsində hər iki “Sepah”çı ağır yaralanaraq helikopterlə Səravan xəstəxanalarından birinə köçürülmüşdü. Partlayışın məsuliyyətini heç bir qrup üzərinə götürməsə də, hadisənin sünni məzhəbli bəlucların dini və milli hüquqları uğrunda silahlı mübarizə aparan yerli müxalif bəluclar tərəfindən törədildiyi təxmin edilir.
Qeyd edək ki, son illər, Pakistan sərhədinə yaxın Səravan məntəqəsində müxalif bəluclarla hökumət qüvvələri arasında baş verən silahlı qarşıdurmalarda hər iki tərəfdən çoxlu insan həlak olub.
A.M