SON XƏBƏRLƏR

İranın şimal bölgəsinin ağac şirkətləri Qaradağ məntəqəsinin meşələrinə üz tutub

2021.10.20, 07:36
İranın şimal bölgəsinin ağac şirkətləri Qaradağ məntəqəsinin meşələrinə üz tutub

Gunaz.tv

GünAz TV: Kəleybərin millət vəkili İranın şimal bölgəsinin ağac şirkətlərinin Qaradağ meşələrinə üz tutduğunu bildərərək ağacların kəsilməsi və Azərbaycan meşələrinin çöllük əraziyə çevriləcəyi ilə bağlı xəbərdarlıq edib.

 

Quliullah Quluzadə Qaradağ məntəqəsində kəsilən ağaclarla bağlı yerli “Məclis və Azərbaycan” xəbər agentliyinə danışıb.

 

“Təəssüflər olsun ki, Qaradağda əhali maddi ehtiyaclarını təmin etmək üçün ağaclarını kəsərək satır. Bu məsələ bölgənin ətraf mühiti üçün ciddi problem yaradır.

Məsullar bildirir ki, ölkənin şimal bölgəsinin meşələri üçün 10 il vaxt nəzərdə tutulub. Bu müddətdə həmin meşələrin ağacları kəsilməyəcək, ona görə də bir ildən çoxdur ki, ağac şirkətləri Kəleybər bağlarına üz tutub. Hazırda Qaradağ məntəqəsinin ağacları şirkətlər tərəfindən sürətlə kəsilir”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Azərbaycanlı millət vəkili təəssüflə əlavə edib ki, bağ sahibləri hətta 200 illik qoz ağacları kimi faydalı ağacları da satır. Bu vəziyyət davam edərsə, yaxın gələcəkdə Kəleybər məntəqəsi bir səhralığa çevriləcək.

 

Quliullah Quluzadənin sözlərinə görə, kimsənin şəxsi bağ sahəsindəki ağaclarını kəsməsinə müdaxilə etmək olmaz. Buna baxmayaraq ağacları kəsilən bağlar meşəlik və yaşıllıq məntəqəsində yerləşdiyi üçün, bu iş meşə sahəsinin təxrib edilməsi hesab olunur.

 

Ötən günlərdə Əhər Qaradağ məntəqəsindən yayılan videolarda bir çox ağacların kəsildiyi məlum oldu. Bu hadisə bir çox soydaşımızın kəskin etirazı ilə qarşılandı. Bundan sonra Şərqi Azərbaycan Təbii Qaynaqlar və Su Hövzəsi İdarəsinin rəisi açıqlama verərək bildirdi ki, ağaclar Kənd Təsərrüfatı İdarəsinin icazəsi ilə kəsilib, onlar yalnız çürümüş və quruyan ağaclardan ibarət olub.

 

Güney Azərbaycanda yaşıllıq məntəqəsinin az olması ilə bağlı problem yaşanır. Ağac şirkətlərinin Qaradağ məntəqəsinə üz tutması çoxlarına Urmu gölü böhranını xatırladır. Bu göl də dövlət orqanlarının laqeyd münasibəti nəticəsində ağır böhrana düçar olub. Ətraf mühitlə bağlı oxşar hadisə Qaradağ məntəqəsində də baş verə bilər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar