SON XƏBƏRLƏR

İranın şimali əyalətlərində daşqın nəticəsində 7 nəfər həlak olub

2021.10.20, 07:36
İranın şimali əyalətlərində daşqın nəticəsində 7 nəfər həlak olub

Gunaz.tv

GünazTV: İranın şimali əyalətlərində dörd gün əvvəl intensiv yağıntılar nəticəsində baş verən daşqında ən azı 7 nəfər həlak olub, yüzlərlə şəhər və kəndi su basıb.

 

İranın Qızıl Aypara Cəmiyyətinin Nicat və İmdad Təşkilatının rəisi Murtuza Səlimi martın 20-də jurnalistlərə açıqlamasında bildirib ki, ölkənin ümumilikdə 27 əyalətində daşqın baş verib: “Daşqın nəticəsində 262 şəhər və kənd təbii fəlakətdən ziyan çəkib. Daşqından zərər çəkənlərə yardım göstərilməsi əməliyyatına isə 21 min xilasedici cəlb edilib.

 

Daşqın nəticəsində Savadkuhda baş verən dağ uçqununda 2 nəfər həlak olub, 1 nəfər də Miyanrudda suda boğulub. Şimali Xorasan əyalətində isə 2 çoban 70 qoyun sürüsü ilə birlikdə daşqının qurbanına çevrilərək həyatlarını itiriblər. Həmçinin Gülüstan əyalətində 2 uşaqın daşqının uçurduğu binanın altında qalaraq öldüyü barədə bizə məlumat daxil edilib.

 

Hazırda isə Mazandaran, Gülüstan, Simnan, Şimali Xorasan, Sistan-Bəlucistan əyalətlərində daşqından ən çox ziyan çəkən vətəndaşlara ərzaq və dava-dərman yardımının çatdırılması əməliyyatı davam edir”- deyə Murtuza Səlimi əlavə edib.

 

Həmçinin Mazandaran əyalətinin böhrana nəzarət idarəsinin baş direktoru Əli Əsğər Əhmədi jurnalistlərə açıqlamasında bildirib ki, təkcə bu əyalətdə 9 şəhəri və 100-dən çox kəndi su basıb: “Sari şəhərinin ətrafında 40 kənd, Gəlugahda 15 kənd, Behşəhrdə 23 kənd, Savadkuhda isə 27 kənd daşqından ziyan çəkib. Bundan başqa onlarla kəndin elektrik xətləri də sıradan çıxıb” – deyə Əli Əsğər Əhmədi vurğulayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar