SON XƏBƏRLƏR

İranın Təhsil naziri qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayıb

2021.10.20, 07:36
İranın Təhsil naziri qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayıb

Gunaz.tv

GünAz TV: İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb.

 

Nazir bu barədə iyulun 14-də Təhsil Nazirliyi rəsmilərinin İsfahanda keçirdiyi iclasda danışıb.

 

“Bəzi məntəqələrdə şagirdlərə yerli dildə dərs keçilir. Bu olduqca təhlükəli məsələdir. Uşaqlar yerli dilləri ailələrdə öyrəndikləri üçün ölkənin rəsmi dilini də məktəblərdə mütləq öyrənməlidilər”- deyə o bildirib.

 

Məhəmməd Bəthayi həmçinin əlavə edib ki, “ikidilli məktəblərdə şagirdlər məktəbin mühitində yerli dili öyrənir, fars dilini isə yalnız dərs otağında öyrənə bilərlər. Ona görə də şagirdlərə fars dilində dərs keçmək və farsca danışmaq bizim qırmızı xəttimizdir. İkidilli məntəqələrdə müəllim şagirdlə daha yaxşı irtibat qurmaq üçün yerli dildən də istifadə edir. İstənilən halda fars dili ölkənin birliyini təmin edən dil kimi bütün məktəblərdə istifadə olunmalıdır.”

 

Bundan əvvəl İranın dini lideri Əli Xamneyi də oxşar açıqlama ilə çıxış etmişdir. O bildirmişdir ki, uşaqlar ana dillərini evdə, fars dilini isə küçə və məktəblərdə öyrənsinlər.

 

İranda qeyri-fars dilləri, o cümlədən 30 milyondan çox Azərbaycan türkünün ana dili nəin ki dövlət dəstəyindən məhrumdur, hətta dövlətin güclü təzyiqi ilə üz-üzədir. Türk dilində təhsilə qoyulan qadağa bu dilə qarşı aparılan asimilasyon siyasətinin tərkib hissəsidir. Milyonlarla Azərbaycan türkü dövlətin bu qeyri-insani və qanunsuz siyastinə uzun illərdir etiraz bildirsələr də bu vəziyyət hələ də davam edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar