GünAzTV: İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Cavad Kərimi Qoddusi dekabrın 21-də jurnalistlərə açıqlamasında “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadının komandanı Qasım Süleymaninin Hələbə son səfərindən danışıb.
Deputat bildirib ki, Qasım Süleymaninin son vaxtlar Hələbə səfəri Suriya hökumətinin istəyi ilə baş tutub: “Biz heç vaxt beynəlxalq sistemin zülmkar qanunlarına tabe olmayacağıq. Qasım Süleymaninin Hələbə səfəri iki ölkə arasında hərbi strategiyanın təyin olunması və bu sahədə birgə əməkdaşlıq məqsədi ilə baş tutub və bu, Suriya rəsmilərinin istəyi ilə olub. Məhz buna görə də güman edirəm ki, Amerika rəsmiləri istər siyasi, istərsə də hüquqi baxımdan bu səfərə qarşı hər hansı bir müxalif mövqe sərgiləyə, tədbir görə bilməzlər.
Allah qoysa, gün gələcək ki, Qasım Süleymani amerikalıların icazəsini almadan Nyu-Yorka və Londona da səfər edəcək. Çünki bu gün həm Amerikada, həm də Avropada insanları islama cəlb edən böyük dəyişikliklər baş verməkdə və olaylar formalaşmaqdadır”.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi dekabrın 19-da jurnalistlərə açıqlamasında Qasım Süleymaninin Hələbə son səfərini pisləyərək, bunu, İranın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qarşı zidd addımı kimi qiymətləndirmişdi.
A.M