SON XƏBƏRLƏR

İranlı deputat: “Daxili işlər nazirindən soruşduq ki, etirazçıların niyə başlarına atəş açılıb, dedi ki, təkcə başlarına yox, ayaqlarına da atəş açıblar”

2021.10.20, 07:36
İranlı deputat: “Daxili işlər nazirindən soruşduq ki, etirazçıların niyə başlarına atəş açılıb, dedi ki, təkcə başlarına yox, ayaqlarına da atəş açıblar”

Gunaz.tv

GünazTV: İran parlamentinin deputatı Mahmud Sadiqi dekabrın 16-da jurnalistlərə açıqlamasında ölkədə baş verən son etirazlarla bağlı daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli ilə keçirdikləri iclasdan və məsələnin müzakirəsindən danışıb.

 

Deputat deyib ki, daxili işlər naziri Rəhmani Fəzli parlamentin komissiyalarından birinin iclasına çağırılaraq bəzi deputatların etirazçılara atəş açılmasının səbəbi ilə bağlı suallarını cavablandırıb: “Keçirilən iclasda, təmsil etdiyi şəhərdə iki nəfərin başlarından aldıqları güllədən beyinlərinin dağılmasını bildirən deputatlardan biri nazirə dedi ki, axı niyə etirazçıların məhz başlarına atəş açılıb. Məgər onların (etirazçıların) heç olmasa bellərindən aşağı hissələrinə atəş açmaq olmazdımı. Daxili işlər naziri isə cavabda dedi ki, etirazçıların təkcə başlarına yox, bəzi hallarda ayaqlarına da atəş açılıb.

 

Nazirin ona verilən suala bu tərzdə laqeydcəsinə cavab verməsi iclasa qatılan deputatların təəccübünə səbəb oldu. Bəzi rəsmilər deyiblər ki, etirazları cəmi 48 saat ərzində yatırda biliblər. Mənim üçün ortaya çıxan sual isə budur ki, görəsən bu miqyasda atəş açmaqla çoxlu sayda insanın ölümü bahasına etirazları yatırtmaq hünərdirmi. Halbuki etirazları yatırtmaq üçün siz əvvəlcə etirazçılara öz sözlərini deməyə imkan yaratmalı idiniz. Axı bu insanlar sadəcə olaraq, benzinin bahalaşması ilə bağlı düşünülməmiş bir qərarın elan olunmasına qarşı mövqe tutmuş, reaksiya vermişdilər.

 

Mən, əvvəldə olduğu kimi yenə bu fikirdəyəm ki, hökumətin özü noyabr etirazlarında öldürülən şəxslərin sayını dəqiq şəkildə rəsmən elan etməli, düşmənlərin bu məsələdən sui-istifadə etməsinin qarşısını almalıdır” –deyə, İran parlamentinin deputatı Mahmud Sadiqi bəyan edib.

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1000-dən çox insan qətlə yetirilib, 37 00 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, eləcə də 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar