SON XƏBƏRLƏR

İranlı deputat: “Həbsxanalarda ölən məhbusların sayının artması deputatların nigarançılığına səbəb olub”

2021.10.20, 07:36
İranlı deputat: “Həbsxanalarda ölən məhbusların sayının artması deputatların nigarançılığına səbəb olub”

Gunaz.tv

GünAzTV: İran parlamentinin deputatı Pərvanə Sələhşur, yanvarın 15-də jurnalistlərə açıqlamasında ölkədə hakimiyyətə qarşı keçirilən son etirazlarda tutulanların zindanlarda öldürülməsinə toxunaraq, məhbusların saxlanma şəraitindən nigaran qaldığını bəyan edib.

 

Deputatın bu açıqlaması, son kütləvi etirazlarda tutulan dinc aksiyaçılara qarşı “İkinci bir Kəhrizək” faciəsinin təkrar oluna biləcəyi ilə bağlı məlumatların yayılmasından bir neçə gün sonraya təsadüf edib.

 

Pərvanə Sələhşur bildirib ki, İranın Məhkəmə Sistemi deputatların zindanlara baxış keçirməsinə şərait yaratmalı, onların bu tələbi ilə razılaşmalıdır: “İranın Zindanlar Təşkilatı həbsxanalarda saxlanılan məhbusların həyatı qarşısında məsuliyyət daşıyır. Elə buna görə də, hesab edirik ki, bu qurum, zindanlarda baş verən son ölüm hallarına görə cavabdeh olmalıdır. Təəssüflər olsun ki, həbsxanalarda ölən məhbusların sayının artması, deputatların ciddi nigaranlığına səbəb olub və onlar zindanlara gedərək məhbusların durumu və saxlanma şəraiti ilə yaxından tanış olmaq istəyirlər. Elə buna görə də, düşünürəm ki, Məhkəmə Sistemi bu barədə deputatlarla əməkdaşlıq etməlidir”.

 

Qeyd edək ki, 2009-cu ildə İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlarda, Tehranda onlarla aksiyaçı tutularaq paytaxtın ətrafında yerləşən gizli və qanunsuz  “Kəhrizək” zindanına aparılmışdı. Həmin zindanda tutulanlardan 3-ü işgəncələr altında öldürülmüş, bir neçəsi də cinsi zorakılığa məruz qoyularaq təhqir edilmişdi.

 

 

Xatırladaq ki, son iki həftədə, İranın 101 çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 3700 nəfərdən çox insan həbs edilib. Tutulanlardan isə ən azı 5-i  zindanda dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.

 

“Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar