SON XƏBƏRLƏR

İranlı deputat: “Neft tankerimizə qarşı hücumla bağlı sənədlər BMT-yə təqdim ediləcək”

2021.10.20, 07:36
İranlı deputat: “Neft tankerimizə qarşı hücumla bağlı sənədlər BMT-yə təqdim ediləcək”

Gunaz.tv

GünazTV: İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Əbülfəzl Həsən Beygi oktyabrın 16-da media nümayəndələrinə açıqlamasında  “Sabiti” neft tankerinə hücumdan və “bu işdə əli olan ölkələr”dən danışıb.

 

Deputat deyib ki, İranın təhlükəsizlik qurumlarında, eləcə də Ali Milli Təhlükəsizlik Şurasında “Sabiti”yə qarşı hücumla bağlı sənədlər araşdırılıb: “Neft tankerinin üzərində quraşdırılan kameraların çəkdiyi kadrlar göstərir ki, bu hücum Amerika, sionist rejimi və Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirilib. Bununla da bu üçbucaq bu hərəkətləri ilə islam respublikasına zərbə vurmağa çalışıb.

 

Hazırda Amerika və Səudiyyə Ərəbistanı çalışırlar ki, bu hücumun məsuliyyətini “İŞİD” (Daiş) və “Taliban”ın boynuna atsınlar. Lakin mövcud sənədlər və dəlil-sübutlar göstərir ki, bu hücumun İŞİD və ya digər terrorçu qruplaşmalar tərəfindən həyata keçirilməsi mümkün deyil. Çünki onlar Qırmızı dənizdə yoxdular və orada fəaliyyət göstərmirlər.

 

 Neft tankerimizə qarşı hücumda bəzi regional dövlətlərin əli olması barədə bizdə çoxlu sənədlər var və həmin sənədlər BMT-nin Təhlükəsizlik Şurasına təqdim ediləcək. Sözsüz ki, bu hücumda rolu olan ölkələr bu əməllərinin bədəlini ödəməli olacaqlar” -deyə iranlı deputat Əbülfəzl Həsən Beygi əlavə edib.

 

 Xatırladaq ki, oktyabrın 11-i, saat 05:00-da və 05:20 radələrində Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında İrana məxsus “Sabiti” neft tankerində iki güclü partlayış baş verib. İranın bəzi hökumət saytları partlayışların Səudiyyədən atılan raket nəticəsində baş verdiyini iddia etsələr də, rəsmi Ər-Riyad bu ittihamı rədd edir.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar