SON XƏBƏRLƏR

İranlı deputat: “Son etirazlarda tutulanların sayı 5 min nəfərə yaxındır"

2021.10.20, 07:36
İranlı deputat: “Son etirazlarda tutulanların sayı 5 min nəfərə yaxındır"

Gunaz.tv

GünAzTV: İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Əlirza Rəhimi, fevralın 2-də “Telegram” kanalında yaydığı bir yazıda, son ay yarımda ölkənin müxtəlif şəhərlərində  rejimə qarşı keçirilən kütləvi xalq etirazlarında tutulanların sayını açıqlayıb.

 

Deputat bildirib ki, son etirazlarda həbs edilən aksiyaçıların sayı təxminən 5 min nəfərdir: “Zindanlar Təşkilatı rəisinin yaydığı statistik rəqəmlərə əsasən, son ay yarımda ölkədə baş verən etirazlarda 4972 nəfər həbs edilib. Onların əksəriyyəti tədricən azadlığa buraxılsa da, 500-ə yaxını hələ də həbsdə saxlanılır. Bundan başqa 55 nəfər də ETTELAAT Nazirliyi tərəfindən həbs edilib. Etirazlarda tutulanların 94,73 faizini kişilər, 5,27 faizini isə qadınlar təşkil edir. Həbs edilənlərdən 50 faizi 19-25 yaş arasında olanlar, 27 faizi isə 25-32 yaş arasında olan etirazçılardır”.

 

Deputat, öz yazısında dinc etirazlarda küçələrdə rejim qüvvələri tərəfindən öldürülənlərin, eləcə də zindanlarda işgəncələr altında öldürülən aksiyaçıların sayına aydınlıq gətirməyib.

 

 

Xatırladaq ki, ay əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 4000 nəfərdən çox insan həbs edilib.

 

Tutulanlardan isə ən azı 12 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.

 

 “Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırlmışdı.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar