SON XƏBƏRLƏR

İranlı deputatlar FATF layihələrinin qəbulu üçün Xamneyiyə müraciət ediblər

2021.10.20, 07:36
İranlı deputatlar FATF layihələrinin qəbulu üçün Xamneyiyə müraciət ediblər

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin bir qrup deputatı FATF layihələrinin Ali Məsləhət Şurasında qəbul edilməsi üçün "dini lider" Əli Xamneyiyə məktub ünvanlayıb.

 

Deputatlar məktubda qeyd edirlər ki, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması xüsusunda olan bu layihələr Ali Məsləhət Şurasında təsdiq edilməsə, İranın adı FATF-ın qara siyahısına daxil ediləcək.

 

Millət vəkilləri Əli Xamneyidən ölkəyə verilmiş möhlət hüququnun bitməsinə qədər şuranın CFT və Palermo layihələrini təsdiqləməsi üçün tədbir görməsini istəyiblər.

 

Məktubu imzalayanlar layihələrin təsdiqlənməməsinin İranın əvvəlkindən daha çox təcrid edilməsinə, daha böyük iqtisadi, ictimai və mali problemlərə yol açacağını vurğulayıblar.

 

Məktubu göndərənlər arasında Əli Mütəhhəri, Qulamrza Heydəri, Süheyla Celudarzadə, Şəhabəddin Bimeqdar və Ədbülrza Haşimzayinin adları var.

 

CFT və Palermo layihələrinin Parlament tərəfindən təsdiqlənməsinə baxmayaraq, Ali Məsləhət Şurası hələ də onun araşdırılmasını yubadır.

 

Palermo layihəsi İranın Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Konvensiyaya qoşulmasını nəzərdə tutur. Rəsmi Tehranın CFT layihəsini təsdiqləməsi isə İranı Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə üzrə Konvensiyanı imzalayan ölkələr sırasına qatacaq.

 

İranın Prezident Aparatının rəhbəri Mahmud Vaizi də ötən gün məsələ ilə bağlı bildirib ki, layihələrin qəbul edilməməsi ölkənin FATF-ın qara siyahısına salınmasına yol açacaq, bunun isə yaradacağı böyük iqtisadi problemləri xalq bilməlidir.

 

Dünən Ali Məsləhət Şurasının katibi Möhsün Rzayi sözügedən layihələrin hələ də araşdırıldığını və bu prosesin bitməsindən sonra məsələ ilə əlaqələ nəsə deyə biləcəyini bildirib.

 

Xatırladaq ki, Dünyada qanunsuz yollarla əldə edilmiş çirkli pulların yuyulmasına, maliyyə fırıldaqçılığına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparan “Maliyyə Tədbirləri üzrə İşçi Qrupu” (FATF) sonuncu dəfə oktyabr ayının sonlarında İrana sözügedən layihələri qəbul etmək üçün 4 aylıq möhlət hüququ verib. Bu müddət ərzində layihələr İran tərəfindən qəbul edilməsə, bu ölkənin adı Qrupun qara siyahısına salınacaq.

 

Digər tərəfdən, layihələrin qəbuluna qarşı çıxan əsas siyasətçilər Əli Xamneyinin yaxın ətrafından olan mühafizəkarlardır. Onlar bildirirlər ki, layihələrin qəbulu Tehranın Hizbullah, Həmas və digər bu kimi yaraqlı və terror qruplaşmalarına göstərdiyi hərbi və maddi yardımın qarşısını alacaq.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar