SON XƏBƏRLƏR

İranlı millət vəkili: “Mən millət vəkili olaraq ölkəmizin Suriya və Yəməndə nə qədər pul xərclədiyini bilmirəm”

2021.10.20, 07:36
İranlı millət vəkili: “Mən millət vəkili olaraq ölkəmizin Suriya və Yəməndə nə qədər pul xərclədiyini bilmirəm”

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin deputatı Qulamrza Heydəri ölkə rəhbərliyini kəskin tənqid edib.

 

O bildirib ki, “milli valyutanın kəskin dəyərdən düşməsi, hətta yaşamaq üçün zəruri olan qida vasitələrinin belə qiymətlərinin kəskin artması ölkənin yaxşı idarə edilmədiyini göstərir”.

 

İranın region ölkələrində gedən münaqişələrə müdaxiləsini də tənqid edən millət vəkili bildirib: “Məgər biz dünyanın sahibiyik ki, bizimlə eyni düşüncədə olmadığına görə digərlərinin kürəyini yerə vurmağa çalışaq? Özümüzü mütləq haqq sahibi kimi düşünməməliyik! Bizim düşüncəmizə zidd olan düşüncələri batil saymamalıyıq! Bizim yanaşmamamızın bu cür olmaması yəqin ki, xalqla və xarici ölkələrlə münasibətlərimizdə meydana gələn ziddiyyətlər və toqquşmaların da əsas səbəblərindən biridir.”

 

Qulamrza Heydəri sonda bildirib ki, ölkəsi hazırki ağır iqtisadi vəziyyətdə xarici ölkələrdə gedən münaqişələrə böyük miqdarda pul sərf edir və o, “millət vəkili olaraq İranın Yəmən və Suriya münaqişəsinə nə qədər vəsait xərcləndiyini bilmir”.

 

Qeyd etmək lazımdır ki, son dövrlər İranda iqtisadi vəziyyətin daha da ağırlaşması fonunda bəzi millət vəkilləri rəsmi Tehranın Suriya və Yəməndə, eləcə də digər region ölkələrində gedən müharibələrə böyük miqdarda vəsait xərcləməsini tənqid edirlər.

 

İran 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan sonra Bəşər Əsəd rejiminin legitimliyini qoruyub saxlaması üçün bu ölkəyə “Sepah” a bağlı çoxlu sayda döyüşçü göndərib. Bu günə qədər bu döyüşçülərin 2000-dən çoxu gedən döyüşlər zamanı öldürülüb.

 

Digər tərəfdən, BMT baş katibinin Suriya üzrə sabiq elçisi Stefan De Misturanın məlumatına əsasən, İran 2011-ci ildən bu tərəfə Əsəd rejiminin legitimliyini qoruması üçün hər il ən azı 6-7 milyard dollar vəsait xərcləyib. Digər beynəlxalq qurumlar bu rəqəmin illik olaraq 15- 20 milyard dollar arasında dəyişdiyini bildirirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar