SON XƏBƏRLƏR

İranlı millət vəkiliI: “Ağır sosial-iqtisadi vəziyyət səbəbindən Cənubi Xorasan vilayətinin əhalisinin 50%-i öz yaşayış yerlərini tərk edib”

2021.10.20, 07:36
İranlı millət vəkiliI: “Ağır sosial-iqtisadi vəziyyət səbəbindən Cənubi Xorasan vilayətinin əhalisinin 50%-i öz yaşayış yerlərini tərk edib”

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin Bircənd, Xusf və Dərmiyandan seçilmiş millət vəkili Məhəmmədbağır İbadi bildirib ki, ağır sosial-iqtisadi vəziyyət səbəbindən Cənubi Xorasan vilayətinin kəndlərində yaşayan insanların 50%-dən çoxu öz yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.

 

O bildirib ki, bunun başlıca səbəbi əhalinin ağır həyat şəraitidir. Bundan başqa, vilayət ərazisində su çatışmazlığı, quraqlıq, yolların pis səviyyədə olması, baxımsızlıq, rüşvətxorluq, yarıtmaz təhsil sistemi və digər amillər də köç prosesinə təsir edən amillərdəndir.

 

Məhəmmədbağır İbadinin sözlərinə görə, ən böyük problemlərdən biri su çatışmazlığı və onun əhalinin gündəlik həyatı və kənd təsərrüfatında yolaçdığı fəsadlardır. Belə ki, son 10 il ərzində vilayətin 485 kəndinin əhalisi içməli suyu yalnız pulla su daşıyan maşınlardan alıb. Kənd təsərrüfatı sahəsində isə su çatışmazlığı böyük quraqlıqlara səbəb olub.

 

Deputat qeyd edib ki, dövlət bu problemlərin həllinə lazımi diqqət və vəsait ayırmasa, ölkə gələcəkdə böyük köç problemləri ilə üzbəüz qalacaq.

 

Xatırladaq ki, son illər ərzində qeyd edilən problemlər səbəbindən İranın bir çox vilayətlərinin əhalisi daha yaxşı şəraitdə yaşamaq üçün öz yaşayış yerlərini tərk edərək, böyük şəhərlərdə məskunlaşırlar. Vəziyyətin bu formada davam edəcəyi təqdirdə ölkənin yaxın illərdə böyük problemlərlə üzləşməsi qaçınılmaz olacaq.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar