SON XƏBƏRLƏR

İranlı rəsmidən proqnoz: "Koronavirusun yayılması ölkədə ən azı yaya qədər davam edəcək"

2021.10.20, 07:36
İranlı rəsmidən proqnoz: "Koronavirusun yayılması ölkədə ən azı yaya qədər davam edəcək"

Gunaz.tv

GünAz TV: İranda koronavirus pandemiyasının yayılması və insan tələfatının qeydə alınmasının ən azı yay aylarına qədər davam edəcəyi proqnozlaşdırılır.

 

Bu barədə məlumatı İran prezidentinin elmi məsələlər üzrə müavininin sözçüsü Pərviz Kərəmi öz "İnstagram" səhifəsində yazıb. O bildirib ki, Koronavirusla Mübarizə üzrə Milli Qərargah mövcud vəziyyətinin ən azı yayın əvvəllərinə qədər davam edəcəyini proqnozlaşdırır.

 

Pərviz Kərəmi koronavirusun qarşısının alınması və mümkün insan tələfatı ilə bağlı 5 ssenari də paylaşıb.

 

Əsas ssenariya əsasən, dövlət virusun yayılmasına qarşı kəskin qərarlar qəbul etsə, bu halda xəstəlik ən azı 7700 nəfərin ölümü ilə nəzarət altına alına biləcək. Bu tədbirlər insanların çölə çıxmasını qadağan etmək, şəhərlərin karantinə alınması və virusa yoluxduğu ehtimal edilən şəxslərin izolyasiya edilməsindən ibarətdir.

 

2-ci ssenaridə isə dövlətin prosesə orta səviyyəli müdaxiləsi nəzərdə tutulur. Bu halda yalnız sosial izolyasiya tətbiq edilir, idman və mədəni tədbirlər, habelə dini mərasimlər ləğv edilir, məktəb və universitetlərdə tətil elan edilir və insan və avtomobillərin hərəkətinə məhdudiyyətlə icazə verilir. Belə olduğu təqdirdə, xəstəliyin azı 11 min nəfərin ölümündən sonra nəzarət altına alına biləcəyi proqnozlaşdırılır.

 

Hazırda alınan bütün tədbirlərə nəzər yetirdikdə, hökumətin orta səviyyədə virusun yayılmasının qarşısını almağa çalışdığı müşahidə edilir.

 

Pərviz Kərəmi bildirir ki, 3-cü ssenari, yəni dövlətin yalnız maarifləndirmə işi ilə kifayətlənəcəyi minimum müdaxilə nəticəsində isə ölənlərin sayı 17600 nəfər olacaq.

 

O, həmçinin qeyd edib ki, dövlət yalnız maarifləndirmə işi ilə kifayətlənsə və prosesə müdaxilə etməsə, 4-cü ssenari çərçivəsində ölənlərin sayının 33111 nəfərə çatacağı proqnozlaşdırılır.

 

5-ci ssenaridə isə hökumətin virusun qarşısını almaq üçün heç bir müdaxilə etməməsi nəzərdə tutulur. Bu halda koronavirusa yoluxan və ondan ölənlərin sayının 111 min nəfəri keçəcəyi bildirilir.

 

Qeyd etmək lazımdır ki, bir müddət əvvəl Şərif Behişti Universiteti apardığı araşdırma çərçivəsində İranda koronavirusdan ölənlərin sayının 3.5 milyon nəfəri ötə biləcəyini bəyan etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar